Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
  13 İyun 2020    Oxunub:3237
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, iclasda N.Səlimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 19 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkili Kamandar Nəsibovun, mütəxəssislər - Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Kəmalə Paşayevanın və Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin yazılı çıxışlarını, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 19 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciət etməsi üçün həmin Məcəllənin 410.1-ci maddəsində müəyyən edilən müddətlərin başlanğıcı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti