“Prokurorluq orqanlarında ciddi islahatlara başlanılıb” - Kamran Əliyev

 “Prokurorluq orqanlarında ciddi islahatlara başlanılıb” -  Kamran Əliyev
  13 İyun 2020    Oxunub:4915
Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardinal islahatların tərkib hissəsidir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olub.

"Ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan prokurorluğu bu gün əvvəlki dövrlərlə müqayisədə daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirmişdir. Prokurorluq orqanları hazırkı səviyyədə formalaşanadək tarixin müxtəlif dövrlərindən heç də həmişə hamar olmayan, bəzən isə çətinliklərlə və mürəkkəbliklərlə müşahidə olunan inkişaf yolu keçmişdir. Lakin Azərbaycan Prokurorluğunun kollektivi əsas etibarı ilə xalqımızın öz müstəqilliyi uğrunda apardığı tarixi mübarizənin önündə olaraq şərəfli bir fəaliyyət yolu keçməklə inkişaf etməkdə davam etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə xalqına və dövlətinə sədaqətlə qulluq etməyi bacarmış, dövlətçiliyimizin və stabilliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini vermişdir.

Prokurorluq işçilərinə peşə bayramı kimi əlamətdar bir günü bəxş edən şəxsiyyət də məhz Heydər Əliyev olmuş, Ulu Öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə, prokurorluğun cəmiyyətdəki rolu və yerinə dövlət səviyyəsində münasibət bildirilmişdir.

Heydər Əliyevin 26 aprel 2000-ci ildə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki tarixi nitqində qeyd olunmuş, prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan prokurorluğu həmin vaxtadək fəaliyyətində mövcud olmuş neqativ cəhətlərdən təmizlənməklə struktur və mahiyyət baxımından tam yenidən qurularaq yeni məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən, xalqımızın və dövlətçiliyimizin maraqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir", - Baş prokuror qeyd edib.

K.Əliyev vurğulayıb ki, kəyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzim edən, beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik maraqlarına əsaslanan "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, "Prokurorluğun rəsmi emblemi haqqında” qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını gücləndirmiş və hərtərəfli təmin edib.

"Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiya və rüşvətxorluqla mübarizə ilə bağlı cinayətlər üzrə istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilməklə prokurorluq orqanlarına işə qəbulun ən sivil və demokratik üsulu olan müsabiqə yolu ilə, şəffaf prosedurlar əsasında aparılması qaydaları müəyyən edilmişdir. Prokurorluq orqanlarına işə qəbulun müsabiqə əsasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır. Bununla əlaqədar olaraq 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbul Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aparılmaqla, mütəmadi olaraq keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilənlər hazırda prokurorluq orqanlarının kadr korpusunun 70 faizini təşkil etmişdir.

Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuş bu dövlət proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur".

Baş prokuror əlavə edib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ümumbəşəri problemlər sırasında xüsusi yer tutan korrupsiya və onun təzahürləri ilə mübarizə istiqamətində də səmərəli addımlar atılıb, korrupsiyaya qarşı mübarizə ölkədə həyata keçirilən islahatların ən mühüm tərkib hissəsi olub.

"Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alılnması və təqibi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması məqsədilə 03 mart 2004-cü il tarixli ölkə Prezidentinin sərəncamı ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.

Korrupsiyaya qarşı kompleks əks təsir tədbirlərinin təmin olunması və sosial bəlaya qarşı mübarizənin beynəlxalq standartlar əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası 2003-2004-cü illərdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına, Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti və korrupsiyaya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında konvensiyalarına qoşulmuşdur.

Həmin beynəlxalq sənədlərin implementasiyası çərçivəsində müvafiq tələblərə cavab verən qanunvericilik bazası formalaşmaqla xarici dövlətlərin ən qabaqcıl nailiyyətlərindən istifadə olunmasına və təcrübə mübadiləsinə mühüm əhəmiyyət verilmişdir.

Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlarla şərtlənən hazırkı dövrdə zamanın tələblərinə uyğunlaşmanın əhəmiyyətini dərk edərək ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdırılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxmışdır.

Bu zərurət 1 may 2020-ci il tarixdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokurorunu videoformatda qəbulu zamanı bir daha vurğulanmış, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Belə ki, hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunmuşdur. Yüksək keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların önə çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməli olmalı məqamlar kimi vurğulanmışdır.

Həmçinin qeyd edilmişdir ki, korrupsiyaya qarşı mübarizənin tam səmərəli şəkildə aparılması, qanunun aliliyini təmin etməklə sosial ədalətin bərqərar olunması kimi hədəfləri daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə zəruri islahatlar davam etdirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artmalı və prinsipiallıq nümayiş etdirilməlidir. Burada həm inzibati yollardan, həm institusional dəyişikliklərdən, həmçinin cəza tədbirlərindən istifadə olunmasına diqqət yetirilməklə tədbirlərin kompleks xarakter daşıması göz önündə tutulmalıdır.

Azərbaycan Respublikası Prezidentinin verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir. Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Prezidentin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılmış, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilmişdir. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir".

K.Əliyev bildirib ki, dövrün tələblərinə cavab verən müasir, dinamik, daha operativ və peşəkar prokurorluğun formalaşdırılması qarşıda dayanan başlıca vəzifədir. Bu baxımdan prosessual fəaliyyətə prokuror nəzarəti gücləndirilməli, ibtidai istintaqın keyfiyyəti yüksəldilməli, dövlətin təhlükəsizliyi, eləcə də vətəndaşların hüquq və azadlıqlarına qəsd edən cinayətlərə qarşı mübarizənin kəsəri artırılmalı, dövlət və özəl sektorlarda korrupsiyanın bütün təzahür formalarına qarşı ciddi mübarizə tədbirləri tətbiq edilməli, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi keyfiyyətcə yeni mərhələyə qaldırılmaqla balanslaşdırılmış cəza siyasətinə riayət edilməsinə nail olunmalı, bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xüsusi diqqət yetirilməli, bütövlükdə prokurorluğun insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində iştirakı dərinləşdirilməlidir.

"Həmçinin islahatların geniş vüsət aldığı hazırkı dövrdə Azərbaycan prokurorluğu qarşısında duran ümdə vəzifələrdən biri də ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə hüquqi vasitələrlə yaxından iştirak, hüququn aliliyi təmin edilməklə özəl sektorun inkişafına dəstək göstərilməsi, həmçinin dövlət idarəetməsində şəffaflığın təmin edilməsidir. Bu məqsədlərə nail olunmasında dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübənin və beynəlxalq standartların öyrənilməsi və cari fəaliyyətdə tətbiqinə də səy göstərilməlidir.

Sadalananları ümumiləşdirməklə qeyd etmək olar ki, qarşımızda prokurorluğun müasir yanaşmaya malik, çevik, eyni zamanda peşəkar bir quruma çevrilməsi ilə bağlı önəmli vəzifələr dayanır ki, bu məqsədlərə nail olmaq üçün prokurorluğun hər bir əməkdaşı üzərinə düşən vəzifələrin icrası ilə bağlı səylə çalışmalıdır.

Hesab edirik ki, bu istiqamətdə institusional islahatların həyata keçirilməsi nəzərdən keçirilməli, məsuliyyətlilik və hesabatlılığın artırılması təmin edilməklə yüksək şəffaflıq səviyyəsinə nail olunmalıdır. Qeyd edilən tədbirlərin reallaşdırılması ilə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş əldə edilməlidir.

Əminliklə qeyd etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, respublikamızın hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun qurulması istiqamətində səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə və digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsinə öz töhfələrini verəcəklər", - deyə K.Əliyev məqaləsində yazıb.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   İlham-Əliyev  





Xəbər lenti