Nazirlikdən hava xəbərdarlığı: Bütün işlər dayandırılmalıdır

Nazirlikdən hava xəbərdarlığı:  Bütün işlər dayandırılmalıdır
  13 İyun 2020    Oxunub:5147
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
DƏMX-dən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu +41 dərəcədən yuxarı olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Bildirilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

​Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti ​ işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında ​ müəyyən olunmalıdır.

"Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır", - deyə nazirliyin məlumatında qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   İş  





Xəbər lenti