Xaricdə təhsil alan azərbaycanlı tələbələr Prezidentə təşəkkür etdilər
Bolqarıstanın Dobriç şəhərində təhsil alan tələbə Elvin Babayev dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Bu məktubu yazmaqda məqsədim Sizə öz minnətdarlığımı bildirməkdir. Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm. Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır. Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!”.
Polşanın Krakov şəhərindən tələbə Aygül Məmmədovanın məktubunda deyilir: “Hörmətli Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva, mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkə daxilində və xaricdə gördüyünüz işləri sosial şəbəkələrdə, informasiya portallarında izlədiyimi xüsusi qeyd etmək istəyirəm. COVID-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər. Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi. Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkələrini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalımızın artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir. Bir daha Sizə öz adımdan dərin təşəkkür edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bir gənc azərbaycanlı kimi mənim uğurlu addımlarımdan Siz də fərəhlənəcəksiniz”.
Krakov şəhərində təhsil alan daha bir tələbəmiz Hikmət Həbibzadə xaricdəki tələbələrimizi daim diqqətdə saxladığına görə Prezident İlham Əliyevə minnətdarlıq edərək yazır: “Cənab Prezident, koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin liderinin yanındadır. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz həmişə Sizinləyik! Möhtərəm cənab Prezident, mən bir tələbə kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.
Polşa Respublikasından Vasif Qurbanovun məktubunda deyilir: “Cənab Prezident, pandemiya zamanı bizə göstərilmiş diqqətə görə Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bu diqqəti görmək qürurvericidir”.
Azvision.az
Teqlər: Prezident Tələbə Məktub Təşəkkür