Əsri və bizi dəyişən gün – TƏHLİL

  15 İyun 2020    Oxunub : 16532
   Əsri və bizi dəyişən gün –   TƏHLİL
Sahib Alıyev
Millət vəkili

15 İyun Qurtuluş bayramı olaraq qeyd edilsə də, burada söhbət təkcə qurtuluşdan getmir. Çünki bu gün Azərbaycanın sadəcə xaosdan, parçalanmaqdan, vətəndaş savaşından qurtulmasının himi qoyulmadı və Heydər Əliyevin də lider olaraq missiyası ancaq xilaskarlıqdan ibarət deyil. Məhz Heydər Əliyevin xidmətlərinin nəticəsidir ki, bu gün Azərbaycan sözünün siyasi çəkisi onun coğrafi çəkisindən daha ağırdır. Məhz onun sayəsində indi Azərbaycan deyiləndə göz önünə ilk növbədə dövlət gəlir, məkan yox.

Cümhuriyyət qurucuları Azərbaycan adlı dövlətin yarandığını bəyan edəndə bəzi çevrələrin onu necə qəzəblə qarşıladıqlarını tarixçilərimiz yaxşı bilirlər. Həmən çevrələr təsirləri altında olan mediada indinin özündə də bu məmləkəti “Aran” və sair adlarla təqdim etməyə çalışırlar.

Onlar o zaman Cümhuriyyət qurucularımızı görməzdən gələrək Türkiyədən bu dövlətin adının dəyişdirilməsini tələb edirdilər. Ona görə Türkiyədən tələb edirdilər ki, açığını deyək, o dövlət Azərbaycan xalqının təşkilatlanmış şəkildə apardığı ardıcıl və məqsədyönlü mübarizə nəticəsində yox, imperiyanın dağılmasının sonucu kimi meydana çıxmışdı. Və onun varlığı önəmli dərəcədə Türkiyənin dəstəyinə bağlı idi.

Cümhuriyyət qurucularımızda müstəqil dövlət yaratmaq istəyi, bunun üçün gərəkən vətənpərvərlik, fədakarlıq, təəssübkeşlik nə qədər yüksək olsa da, o müstəqilliyin qorunub-saxlanması və möhkəmləndirilməsi başqa keyfiyyət göstəriciləri-yüksək səriştə, strateji düşüncə və bacarıq tələb edirdi ki, sonuncu sadalananlar onlarda bəlli səbəblərdən romantizmlərinin kölgəsində qalırdı. Bir sözlə, Çümhuriyət qurucuları Türkiyənin dəstəyi olmadan istəklərini axıradək reallaşdıra bilməzdilər və bilmədilər də.

Düzdür, Türkiyə Azərbaycanın adıyla bağlı irəli sürülən tələbləri rədd etdi. Amma o zamanın geosiyasi reallığı elə idi ki, sonradan başqa imperialist çevrələrin irəli sürdüyü digər tələblərlə razılaşmalı oldu və razılaşmaması mümkün də deyildi, çünki onun özünün bir dövlət kimi varlığı sual altındaydı.

Bizim ötən əsrin əvvəlindəki şərti müstəqilliyimizi itirməyimizin ən böyük səbəbi fikrimcə, o idi ki, bu regionda öz dövlətini yaratmaq başlanğıcda necə bütövlükdə Azərbaycan xaqının yox, onun ziyalı kəsminin iradəsi kimi meydana çıxmışdısa, iki il müddətində elə də qaldı. İki ildə Cümhuriyyət qurucularımız xanlıq toplumu anlayışını əbədi olaraq tarixin arxivinə göndərməyi bacarsalar da, biz dövlətçi xalq kimi formalaşa bilmədik.

Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri də məhz budur ki, o, sadəcə dövlət yaratmadı, həm də dövlət xalqı yaratmağı bacardı və bu, bir proses kimi hələ də davam edir. Gəlin unutmayaq, biz günü bu gün də arada-sırada “şəhərdə yüzüncü adam olmaqdansa, öz kəndində birinci adam ol” məsələni çəkirik ki, burada həmin o xanlıqlar dönəmindən qalan psixoloji kod var. Heydər Əliyev necə yüz illər ərzində formalaşmış, almazdan da möhkəm olan o kodu sındırdı.

Əslində o bu sındırılmaya, azərbaycanlıları dövlət xalqı etməyə hələ sovet hakimiyyəti dönəmində dilimizə rəsmi dil statusu qazandırmaq, hərbi məktəblər açmaq, respublikanın sənaye potensialını artırmaq və bir sıra başqa addımlarla başlamışdı. Və özü də etiraf edirdi ki, həmişə Azərbaycanı müstəqil görmək istəyib, buna inanıb da. Heydər Əliyev məhz o tarixi şəxslərdəndi ki, inandığının baş tutacağı vaxtı gözləyəsi deyildi, onu gətirmək üçün zamanın verdiyi imkanlar çərçivəsində nə mümkündürsə, onu da edəsiydi, edirdi də.

Biz növbəti müstəqillik şansı əldə etdikdə yenə də azərbaycanlıların öz dövlətinin olmamasını, olsa belə Azərbaycan adlanmasını istəməyənlərlə, ad məsələsinə barmaqarası baxsalar da, müstəqilliyimizə yanaşmada onlardan da qıcıqlı davranan başqa bir imperialist çevrələr məhz yuxarıda vurğuladığım koda dayanaraq hərəkətə keçmişdilər. Onların bu yöndəki təxribatları təkcə torpaqlarımızın işğalında haylara dəstəkdə özünü göstərmirdi, ölkənin güneyində və quzeyində seperatçılıq ocaqları körüklənirdi.

Məhz Heydər Əliyev dühası sayəsində o iki gücün birgə səyləri AXC-Müsavat cütlüyünün hakimiyyətdən uzaqlaşmasından o yana getmədi.

Əgər desəm ki, bu xalqın müstəqillik uğrunda canlarından keçməyə hazır olan və keçən yüzlərlə oğulu-qızı yox idi, bu, böyük və bağışlanmaz haqsızlıq olardı. Vardı axı, gördük axı. Amma ötən əsrin sonlarındakı reallıqlar da göstərdi ki, bütövlükdə xalqın müstəqillik anlayışı meydanda etiraz etmək, bu etiraz dalğasında avantürist və mariginal birilərinin əyilib-qalxmaq tələblərini yerinə yetirmək, nəhayət, imperiya tanklarının əli yalın qabağına çıxmaq cəsarəti göstərməkdən o yana getmədi.

Soruşula bilər ki, o yanda nə vardı? O yanda düşdüyün vəziyyətdən çıxış yolunu, qıraqda deyil, özünə, öz gücünə, potensialına dayanaraq içində axtarmaq vardı. Ədaləti zülmünə uğradığın qarışıq digərlərindən gözləmək yox, onu özünün təmin etməndir əsl müstəqillik. Heydər Əliyev birincisi şəxsiyyət və dövlət xadimi kimi öz miqyasıyla, ikincisi isə atdığı addımlar, verdiyi dövlətçilik tərbiyəsiylə bütün bunları bizə aşıladı.

Bəli, dövlətçi xalq, dövlət xalqı ilk növbədə özünə, öz potensialına güvənməldir. Haylar təki kiməsə deyil, özünə, öz gücünə arxalanmalı, gücü özündə axtarmalıdır. Güc elə bir nəsnədir ki, özündə axtardıqca tapırsan və nə qədər inadla axtarsan bir o qədər çox tapırsan, başqasından umanda isə səninkini də fərqinə varmadan umduğuna verirsən.

Nahaq deməyiblər ki, özgə atına minən tez düşər. Nəzərə alsaq ki, at güc simvoludur, demək, gücdən tez düşməmən üçün o özününkü olmalıdır, özgəninki deyil.

Yəni Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə əslində Azərbacan dövlətini dağılmaqdan qurtarmadı. Çünki dövlət dediyimiz de-yure vardı, de- fakto isə yoxuydu. Heydər Əliyev hakimiyyətə ikinci gəlişiylə Çümhuriyyət qurucularının arzularını reallaşdırdı, onların de-yure özülünü qoyduqlarının üzərində de-faktosu, de-yuresini də üstələyən( ərazi və əhalinin sayı baxımından kiçik olsaq da, dünyada artıq “orta miqyaslı” (“middle power”) ölkə kimi göstərilməyimiz məhz bunun təsdiqidir və yeri gəlmişkən, Prezident Trampın təbrik məktublarında azərbaycanlılarla amerikalılar iki böyük xalq, ABŞ-la Azərbaycanı isə iki böyük dövlət adlandırılır) bir dövlət yaratdı. Başqa sözlə desək, Heydər Əliyev qacarlardan sonra itirilmiş dövlətçi xalq, dövlət xalqı statusunu bizə yenidən qaytardı, daha dəqiqi belə bir xalq yaratdı. Amma bunu qacarlar və onlardan əvvəlki dövlət qurucularımız kimi yox, Atatürk sayaq etdi.

AXC-Müsavat cütlüyünün qoyub qaçdığı, Heydər Əliyevin dadına yetdiyi, heç bir subardinasiya prinsiplərinə əməl olunmayan belə demək mümkünsə, dövlətin büdcəsi də, ordusu da idarəçilk sisteminə, ierarxiyasına bənzəyirdi. Biz bu gün fəxrlə deyə bilərik ki, necə büdcəmiz Güney Qafqazın iki ölkəsinin birlikdə götürdükdə büdcəsindən böyükdürsə, ordu, idarəçiliyin effektliyi məsələsində də durum eynidir. Bu isə artıq həm də onun davamçı kimi yetişdirdiyi və gördüyü Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir.

İndi Azərbaycan deyiləndə göz onünə coğrafi məkandan qabaq, dövət gəldiyi kimi, azərbaycanlı deyiləndə də dövlətçi xalq, dövlət xalqı gəlir. Xalqımızın azərbaycanlı adlanmasının kökündə duran məntiq də elə budur! Və Ulu Öndərin fəxr etdiyi Azərbaycanlı da elə məhz dövlətçi xalq olmağı bacaran Azərbaycanlıdır. Dövlətimiz və ordumuz kimi bu Azərbaycanlını yaradan da elə odur - Heydər Əliyevdir!

Teqlər: Heydər-Əliyev   Qurtuluş