Qurtuluşdan Dirilişə! - “Axı o hardadır?”

  Qurtuluşdan Dirilişə!   - “Axı o hardadır?”
  15 İyun 2020    Oxunub:3596
1993-cu ildə onuncu sinifdə oxuyurdum. Təhsil aldığım orta məktəb (1 saylı fizika, riyaziyyat və informatika təmayüllü lisey) Milli Məclisə yaxın ərazidə yerləşdiyindən siyasətdə baş verənləri istər-istəməz diqqətlə izləyirdik. Çünki o zaman hər şey, xüsusilə də qızğın siyasi oyunlar Milli Məclisdə cərəyan ediridi.
İndi düşünürəm ki, o dövrün şagirdlərinin siyasətlə daha çox maraqlanmaları bəlkə də bütün müəllimlərin dərsdə siyasətdən danışmaları ilə bağlı idi.

O zaman ölkədə vəziyyət həddən artıq pis idi. Biz uşaq olsaq da bunu görürdük, bunu yaşayırdıq. Şam yeməyimiz çox vaxt otaqda qızdırıcı üzərində isitdiyimiz quru çörək olurdu. Aclıq və səfalət idi. Pul “ölmüşdü” (1700%-lik inflyasiyanı, 243%-lik devalvasiyanı indi təsəvvür etmək belə mümkün deyil).

Rayon və şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Qarabağda döyüşməli olan ordu Bakıya hücüm çəkmişdi. Ölkədə parçalanma prosesi gedirdi. Qaça-qaç, tuta-tut idi...

Belə bir şəraitdə on altı yaşlı biz uşaqları ölkənin gələcəyinin necə olacağı çox maraqlandırırdı. Öz gələcəyimizi görə bilmirdik. Çox əndişəli idik.

Təbii ki, biz şagird olaraq bu kimi məsələlərlə bağlı müəllimlərimizə tez-tez suallar verirdik. Heç olmaza onların cavablarında özümüzə gələcək axtarırdıq.

Əksər müəllimlərdən isə eyni cavablar alırdıq: “Bu ölkəni yalnız Heydər Əliyev xilas edə bilər”.

Verilən bu cavablar biz uşaqlarda qəribə bir ümid yaradır, ölkəni pis vəziyyətdən çixaracaq bir qüvvənin mövcudluğundan ruhlanırdıq. İçimizdə gələcəyə az da olsa inam yaradırdı.

Gerçək bu idi ki, hansısa qüvvələr o zaman biz yaşda uşaqlara ölkəmizi pis vəziyyətdən çıxaracaq həmin o qüvvəni göstəmək, tanıtmaq istəmirdilər.

Görünür elə buna görə bizim üçün o zaman Heydər Əliyev şəxsiyyəti məhcul idi, çünki biz yaşda olanlar nə onu görmüşdük, nə də onun haqda informasiya var idi. Amma bu sual hər birimizi bir uşaq olaraq getdikcə daha dərin düşündürürdü: “Axı o kimdir? Hardadır o?” O zaman internet yox idi, onun haqda informasiya bizim üçün yox dərəcəsində idi.

Mən ulu öndər Heydər Əliyev haqda ilk dəfə atamdan eşitdim. Onun ilk dedikləri indiki kimi yadımdadır: “O, bu ökənin əsl rəhbəri idi, işini yerinə yetirə bilməyənlər onun bir baxışından belə çəkinirdilər. Bu ölkənin rəhbəri o olmalı, yoxsa Azərbaycan olmayacaq”.

Məhz o zaman məndə böyük bir inam yarandı. Sonrakı baş verənlər isə bu inamı əbədi və sarsılmaz etdi.

Bu gün həmin gündür!

15 iyun 1993-cü ildə Azərbaycan yox olmaqdan qurtuldu. Allah bu millətin üzünə baxdı. Çox çətin, məşəqqətli bir yol keçdik.

Dövlət xainlərdən, satqınlardan xeyli təmizlənərək gücləndi və dirildi.

Qurtuluşdan dirilişə keçdik.

Bu gün hər bir təhlükəyə sinə gərə bilən dövlətimiz var, güclü dövlət başçımız var. Prezidentimizdən tutmuş sərhədi qoruyan əsgərimizə kimi hamısı özümüzük, öz millətimizdəndir. Bizik!

Bayrağımız ən uca kürsülərdə dalğalanır, hər kəs hesablaşır bizlə, istəməsələr də belə. Qurtuluş günü bax, bunu verdi bizə!

Ulu öndər Heydər Əliyevin 15 iyundakı gəlişi adi gəliş deyildi,bu millət, bu dövlət üçün qurtuluş, xilas gəlişi idi.

Azərbaycan xalqı var olduqca, tarix durduqca Ulu Öndərin qurtuluş addımlarının səsi hər zaman eşidiləcək. O addımlar bizi daim xoş gələcəyə aparacaq.

Onun 1993-cü ildəki andı təkcə həmin an üçün deyildi, bu xalqın, bu dövlətin 100 il, 1000 il sonrası üçün idi.

Çox şükür ki, bu gün o andın ardıcılları onun ideyalarını şərəflə daşıyırlar!

Tahir Mirkişili,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Azvision.az


Teqlər: Tahir-Mirkişili   Milli-Məclis   Deputat  





Xəbər lenti