Radikallar xalqa qarşı: “Zoom”a sığmayan düşmənçilik

  Radikallar xalqa qarşı:  “Zoom”a sığmayan düşmənçilik
  15 İyun 2020    Oxunub:4513
Milli Şura adlı radikal qrupun “Zoom konfransı”ndan yeni görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan kadrlardan məlum olur ki, milli olmayan şuranın hərşeyşünasları bu dəfə baş sındırıb, neftin qiymətinin ucuzlaşmasını müzakirə edirlər.
Baş rolda vaxtilə müxalifətə xor baxan, iqtidarın ən fəal dəstəkçisi olmuş dönük “siyasətçi” Gültəkin Hacıbəylidir. Sabiq deputat monitor arxasında xüsusi canfəşanlıq göstərərək Azərbaycan neftinin 14 dollara düşdüyünü bildirir.

“Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”- deyən Hacıbəyli sevincindən qəhqəhə çəkir, buna görə israrla onu təbrik etmələrini istəyir.

Ardınca Milli Şuranın qocaman “başbiləni” Cəmil Həsənli okeanın o tayından – uzaq Amerikadan söhbətə müdaxilə edir: “bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm”.

Beləcə, sevincləri “Zoom”a sığmayan marginallar neftin ucuzlaşmasını toy-bayram edir, bu münasibətlə bir-birilərinin şəninə təbriklər yağdırırlar. Süni gülüşlər havada uçuşur, az qala qol qaldırıb “Bəy” havasının sədaları altında yallı getsinlər.. Utanmasalar, bunu da edərdilər.

Milli Şuranın özünüifşası

Cəmi bir-neçə dəqiqəlik videogörüntü marginal düşüncəli Milli Şura üzvlərinin əsl simalarını bütün çılpaqlığı ilə göstərdi, xalqın təəssübkeşi obrazına girən yaramazların maskaları cırıldı, mənfur xislətləri üzə çıxdı.

Doğrudur, “qara qızıl”ın qiymət itirməsinin nə dövlətə faydası var, nə də xalqa. Ucuzlaşma digər neft ölkələrində olduğu kimi, Azərbaycanda da büdcə gəlirlərinin azalmasına səbəb olur. Bu, nəticədə gec-tez hər bir vətəndaşa öz təsirini göstərir.

Nəzərə alsaq ki, büdcə gəlirlərinin böyük hisəsi neftdən gələn vəsaitlər hesabına formalaşır, vətəndaşların pensiya, təqaüd, sosial müavinətləri, əməkhaqları və digər dəstək tədbirlərinin maliyyəsi büdcədən ödənilir. Bu vəsaitlər hesabına ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, insanları narahat edən problemlər həll olunur, yeni məktəb binaları, uşaq bağçaları tikilir, tələbələr pulsuz təhsil alır, ordumuz müasir silah və texnikalarla qüdrətini artırır, minlərlə iş yeri açılır və s.

Xalqa düşmən kəsilən "qəhrəmanlar"

Bu məqamda sual olunur: Gültəkin Hacıbəyli və Cəmil Həsənli neftin ucuzlaşmasına niyə sevinir? Buna sevinməli nə var?

Əslində bu sualın cavabı hər kəsə aydındır. “Xalqın yanındayıq”, “Xalq üçün mübarizə aparırıq” deməklə özlərinə siyasi divident qazanmağa çalışan radikallar xaricdəki Anti-Azərbaycan dairələrinin muzdlu əlaltılarıdır. Onların missiyası Azərbaycanı ləkələmək, beynəlxalq aləmdə ölkənin nüfuzuna kölgə salmaqdır. Yalnız şəxsi maraqları üçün çalışırlar. Xalqın rifahı, yaşayışı qətiyyən veclərinə deyil. Əskinə vətəndaşların yüksək səviyyədə yaşaması, ölkənin inkişafını arzulamırlar. Dövlətin vətəndaşların yanında olması, insanların ölkə rəhbərliyinə inamının artması fonunda milli həmrəyliyin formalaşması siyasi dəllalların həzm edə bilmədiyi reallıqdır.

Azərbaycanı gözdən salmaq üçün əlverişli məqam gözləyən marginallar neftin ucuzlaşmasına sevinməklə növbəti dəfə göstərdilər ki, onların mübarizə adlandırdığı qarayaxma kampaniyası hakimiyyətə qarşı yox, birbaşa dövlətə və xalqa qarşı yönəlib. Ölkədə problem nə qədər çox olarsa, insanlar çətinlikdə yaşayarlarsa, onlar üçün gülüş səbəbi, əsl bayramdır. Belə olmasaydı, neftin ucuzlaşmasına niyə sevinirdilər ki?!

Neft Azərbaycanın sərvətidir. Neftin ölkəyə gətirdiyi milyonlar xalqın rihafı üçün xərclənir. Hər bir müəllimin, həkimin, mühəndisin, dövlət qurumlarında çalışan yüz minlərlə insanın maaşı, imkansız vətəndaşlara ayrılan ünvanlı sosial yardımlar dövlət büdcəsindən verilir. Milyonlarla azərbaycanlı dövlətdən aldığı maaşla ailə dolandırır, övlad böyüdür. Büdcənin gəlirləri artdıqca, vətəndaşların pensiyaları, maaşları da artır. Ölkədə yaşayış səviyyəsi yüksəlir. Buna hər birimiz şahid oluruq.

Belə şəraitdə neftin qiymətinin düşməsinə ancaq Azərbaycanı istəməyən qüvvələr, anti-milli ünsürlər sevinə bilərlər. Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin "Zoom"da qəhqəhə çəkib gülüşməsi onların, eləcə də təmsil olunduqları düşərgənin Azərbaycan dövlətinə, xalqına olan düşmənçilik münasibətindən, nifrətindən xəbər verir. Bunun başqa məntiqi izahı yoxdur.

Azvision.az


Teqlər: Milli-Şura   Radikal  





Xəbər lenti