Azərbaycanda koronavirusa yoluxan və dünyasını dəyişən tanınmışlar - FOTOLAR

Azərbaycanda koronavirusa yoluxan və dünyasını dəyişən tanınmışlar -  FOTOLAR
  16 İyun 2020    Oxunub:21751
Koronavirusa yoluxma və ölüm sayı getdikcə artır. Dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 8 milyonu ötüb, yarım milyona yaxın insan pandemiyanın qurbanı olub. Son günlər Azərbaycanda da yoluxma sayında artım müşahidə edilir. İndiyədək ölkəmizdə 10 mindən çox yoluxma halı aşkar edilib.
Təəssüf ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda virusa yoluxan və dünyasını dəyişənlər arasında tanınmış insanlar da var.

Azvision.az COVID-19 virusuna yoluxub vəfat edən və müalicəsini davam etdirən tanınmış şəxslərlə bağlı məlumatları təqdim edir:



Azərbaycanın Xalq artisti, tanınmış müğənni Teymur Mustafayev iyunun 11-də koronavirusdan dünyasını dəyişib.

TƏBİB-in yaydığı məlumata görə, iyunun 4-də "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.

"Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub", - deyə məlumatda bildirilib.



Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov ötən gün koronavirusa yoluxmadan vəfat edib. O, Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alırmış.



Gəncənin tanınmış həkimi, travmatoloq Mehman Hüseynov da koronavirusdan dünyasını dəyişib. Müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.



Tanımış jurnalist, Əməkdar İncəsənət xadimi, "Tərəqqi" medalı laureatı, uzun illər "Kommunist", "Azərbaycan" qəzetlərində fəaliyyət göstərmiş Fərman Bağırov 84 yaşında koronavirusa yoluxmadan vəfat edib. Onun ailə üzvlərinin də virusa yoluxduğu deyilir.



Bir neçə gün əvvəl tanınmış gənc şair Şəhriyar del Gerani koronavirusa yoluxub. O, hazırda xəstəxanada müalicəsini davam etdirir.

“Mən ilk gündən bu virusa inanmışam, amma məsuliyyətsiz yanaşmışam. Səhv etmişəm və xəstələnmişəm. Bu virusun ilkin simptomları qızdırma, iliklərdə kəskin ağrı, öskürək, boğulmadır. Bunu insan orqanizmində açıq hiss edə bilir. Amma yoluxduqca virus özü-özünü yeniləyir və formasını dəyişməyə başlayır. Ona görə də hər orqanizm öz immun sisteminə görə qarşılayır bu virusu. Məndə çox şükür, ağır dövrlər geridə qaldı. Çox faciəvi şəkildə keçirtmədim bu xəstəliyi. Müalicəm davam edir. Bir neçə gün sonra yəqin ki, yenidən məni testdən keçirəcəklər. Testin cavabından asılı olaraq qərar veriləcək. Ya evə gönədiriləcəm, ya da qalıb müalicəmi davam etdirəcəm. Çox ağır xəstələr də gördüm burada. Boğularaq öləni də oldu. İki gün əvvəl ölümünə şahid olduğum insanlar oldu. Mən inanan və inanmayan bütün insanlara çağırış edirəm ki, öz sağlamlıqlarının qayğısına qalsınlar. Biz özümüzü qorumaqla dövlətimizə və özümüzə kömək olaq”,- deyə gənc şair vətəndaşlara müraciət edib.



Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxanlar sırasındadır. Tanınmış aktyor vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Onun yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, ağciyər toxumasının 90%-dən çoxunun zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Koronavirus   Tanınmış  





Xəbər lenti