Macarıstan koronavirusa necə qalib gəldi? - Səfir açıqladı

Macarıstan koronavirusa necə qalib gəldi? -  Səfir açıqladı
  18 İyun 2020    Oxunub:3312
"Macarıstan koronavirusla vidalaşır. Son iki gündə yalnız iki yoluxma faktı qeydə alınıb. Son bir həftədə yoluxma sayı 3-15 arası dövr edib. 9,7 milyonluq Macarıstan buna necə nail oldu? Uğur formulu çox sadədir: dövlətin vətəndaşa hörməti, vətəndaşın dövlətə inamı, kütləvi məsuliyyət hissi, ictimai nəzarət".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib.

Səfir bildirib ki, fövqəladə vəziyyət və komendant saatı elan olunmasına baxmayaraq, hər şey vətəndaşın şüur və məsuliyyətinə hesablandı, sərt qadağalar tətbiq edilmədi:

"Yoluxma hallarının az qala kütləvi xarakter aldığı günlərdə də insanların məsafə hissi gözləməklə meşə və parklarda gəzmələrinə, qaçmalarına, velosiped sürmələrinə, idmanla məşğul olmalarına maneçilik törədilmədi. Bir dəfə də olsun polis-vətəndaş qaçdı-tutdusuna təsadüf olunmadı. Bütün ərzaq mağazaları, aptek və bazarlar səhər saat 9-12 arası 65 yaşdan yuxarı insanlara xidmət etdi. Daha çox adamın ictimai nəqliyyatdan deyil, fərdi avtomobillərindən istifadə etməsi üçün parkinqlər pulsuz oldu. Əsas magistrallarda velosipedçilər üçün sərbəst hərəkət zolağı yaradıldı. Qapalı yerlərə maskasız girmək bir kimsənin ağlına gəlmədi. İnsanlar hətta ən uzun növbələrdə də səbirlə distansiya gözlədilər. Hökumətin əlaqədar nazirləri həftədə iki dəfə parlament qarşısında pandemiya ilə mübarizədə görülən və görülməsi nəzərdə tutulan işlər barəsində məlumat verdilər. Dünyanın 116 ölkəsindən 10 minə yaxın macar vətəndaşının vətənə gətirilməsi təşkil edildi".

V.Quliyev qeyd edib ki, məmləkətimizdəki vəziyyəti həyəcanla izləyir:

"Həkimlərimizin fədakarlığından qürur duyuram. Hər kəsin ümumi fəlakətə anlayışla yanaşmasını, özünü, ailəsini, millətimizi və dövlətimizi qorumasını arzulayıram. Mümkün qədər tez bir zamanda hər şeyin yoluna düşməsini istəyirəm. Və inşallah, belə də olacaq".

Azvision.az


Teqlər: Macarıstan   Səfir   Vilayət-Quliyev  





Xəbər lenti