Mingəçevirdə anasını öldürən gənc tutuldu

Mingəçevirdə anasını öldürən gənc tutuldu
  21 İyun 2020    Oxunub:4544
İyunun 21-də saat 05 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Birliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Mingəçevir   Qətl   Cinayət   Prokurorluq  





Xəbər lenti