Qazaxıstana uçuşlar avqustun 1-dən sonra bərpa oluna bilər

Qazaxıstana uçuşlar avqustun 1-dən sonra bərpa oluna bilər
  24 İyun 2020    Oxunub:2558
Azərbaycanın Nəqliyyat, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Qazaxıstanın Sənaye və İnfrastruktur inkişafı naziri Beybut Atamkulov arasında telefon danışığı baş tutub.
Qazaxıstanın Bakıdakı səfirliyindən Azvision.az-a bildirilib ki, tərəflər nəqliyyat, yük tranziti, hava nəqliyyatı kimi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat mübadiləsi aparıblar, koronavirus pandemiyasının yayılmasına qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınmasının müsbət dinamikasını qeyd ediblər.

Belə ki, son bir ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil yolu ilə yük daşınmasının həcmi təxminən 22 min ton təşkil edib. Qazaxıstanın dəmir yolu ilə tranzit yüklərin həcmi 32% artaraq 38,66 min ton təşkil edib. Ötən ilin aprel ayında Aktau-Bakı fider xəttinin açılması ilə əlaqədar olaraq, 2019-cu ildə konteyner daşımalarının həcmi 14,7 min iyirmi fut ekvivalentindən 24,8 İFE qədər artıb.

Qeyd etmək lazımdır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Qazaxıstan vətəndaşlarının vətəninə qayıtması istisna olmaqla, Aktau və Kurık dəniz limanları ilə sərnişin daşınmasına müvəqqəti qadağa tətbiq edilib. Bununla belə, yük daşınması həmişəki kimi həyata keçirilir.

Bu ilin 6 ayında daşımaların 1 milyon tona çatdırılması proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Tərəflər, həmçinin ölkələrdəki və dünyada baş verən epidemioloji vəziyyəti nəzərə alaraq, cari ilin avqustun 1-dən sonra iki ölkə arasında uçuşların bərpa olunmasını nəzərdən keçirmək qərarına gəliblər.

Ölkələr arasında mövcud razılaşmalara əsasən hər iki istiqamətə həftədə 16 sərnişin və yük uçuşunun həyata keçirilməsinə icazə verilir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən əvvəl Qazaxıstan aviaşirkətləri ilə (“Air Astana”, SCAT) həftədə 13 uçuş həyata keçirirdi. Azərbaycan aviaşirkətləri ilə (AZAL, “Silk Way West”) həftədə 5 uçuş həyata keçirdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti