Azərbaycanlı Rusiyada yanan maşından gənci xilas etdi - VİDEO

Azərbaycanlı Rusiyada yanan maşından gənci xilas etdi -  VİDEO
  25 İyun 2020    Oxunub:5544
Rusiyanın Krasnodar şəhərində baş vermiş qəzada bir gənci ölümdən xilas edən şəxsin kimliyi məlum olub.
Azvision.az -ın məlumatına görə, təxminən bir ay əvvəl şəhərin mərkəzində ağır qəza olub. Belə ki, taksi sürücüsü yüksək sürətlə dönmə əməliyyatı etməyə çalışıb. Avtomobil bu zaman “BMW” markalı maşınla toqquşub.

Zərbənin gücündən "BMW" dirəyə çırpılıb, taksi isə yanmağa başlayıb. 56 yaşlı azərbaycanlı Elxan Əzizov özünü təhlükəyə ataraq, yanan avtomobildən sürücünü çıxarıb.

E. Əzizov ikinci qrup əlildir və ürək çatışmazlığından əziyyət çəkir. O, buna baxmayaraq, 25 yaşlı Krasnodar sakini ölümdən xilas etmək üçün bir an belə tərəddüd etməyib.



“Sərnişlər üçün nəzərdə tutulmuş tərəfdən qapını açdım. Baxıram, sürücü oturacağa tərəf uzanıb. Onu maşından çıxardım. Sonra ən yaxın səkiyə apardım. Yəqin ki, hər bir insan bunu edərdi. O anda özümü unutdum. Avtomobildə canlı insanın yandığına necə baxa bilərsən? Sonra özümü bağışlamazdım", - deyə E.Əzizov Krasnodar telekanalına müsahibəsində deyib.

O, əlavə edib ki, hadisə yerinə gələn insanlar kömək etmək əvəzinə, baş verənləri telefonla çəkiblər.

Həkimlər hadisə yerinə gəliblər və E. Əzizov ərazini tərk edib. Bir müddət sonra onda güclü öskürək başlayıb. E.Əzizov həyat yoldaşına zəng edərək təcili yardım çağırmasını istəyib. Həkimlər onu xəstəxanaya aparıb, reanimasiyaya yerləşdiriblər.

Müalicə alan azərbaycanlı xəstəxanadan evə buraxılıb, hazırda vəziyyəti yaxşıdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Krasnodar  





Xəbər lenti