Maska taxmamağa görə cərimələr artırılır? - AÇIQLAMA

  25 İyun 2020    Oxunub : 3361
Maska taxmamağa görə cərimələr artırılır? -  AÇIQLAMA
Pandemiya başlayan gündən Prezident İlham Əliyev keçirdiyi görüşlərdə vətəndaşları məsuliyyətli olmağa dəvət edir, koronavirusla mübarizədə dəstək olmağa çağırır. Dövlət tərəfindən hansı işlər lazımdırsa, hamısı Prezidentin nəzarəti altında görülür. Maskadan istifadə, sosial məsafənin saxlanılması və əllərin dezinfeksiya olunmasının vacibliyi dəfələrlə vurğulanıb. Təəssüflər olsun ki, bəzi vətəndaşlar qaydalara riayət etmir, həm özünü, həm də yaxınlarını, onunla təmasda olan insanları təhlükəyə atır.
Bunu Azvision.az -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, Prezidentin çıxışları ilk növbədə vətəndaşları məsuliyyətə dəvət etmək çağırışıdır.

"Hər kəs öz hərəkətinin məsuliyyətini dərk etməli və cavabdehlik daşımalıdır. Ölkənin qanunvericiliyi təsdiq edibsə ki, pandemiya dövründə fərdi qoruyucu vasitələrdən istifadə olunmalıdır və olunmadıqda buna görə cərimə sanksiyaları tətbiq olunur, nəticədə qanun icra olunmalı və heç bir bəhanə göstərilmədən yerinə yetirilməlidir".



M.Quliyev vurğulayıb ki, tibbi maskadan istifadə olunmamasına görə cərimələrin artırılması mümkündür.

"Cərimə sanksiyası nə qədər yüksək olursa, insanların məsuliyyəti də çox olur. Digər tərəfdən hər hansı şəxsin maska taxmaması təkcə özü üçün deyil, ətrafdakı insanlar üçün də təhlükəlidir. Bütövlükdə cəmiyyətə hörmətsizlikdir və cəmiyyət üçün təhlükəlidir. Belə şəxsin cəzası çox olmalıdır. Dünya ölkələrinin təcrübəsinə baxanda görürük ki, digər ölkələrdə, eləcədə qonşu Gürcüstan vəTürkiyədə cərimə sanksiyaları bizdən dəfələrlə yüksəkdir.

Ölkə başçısının çağırışı da bu məsələlərə məsuliyyətsiz yanaşan, barmaqarası baxan vətəndaşları bir daha məsuliyyətə dəvət etməkdir. Nəticə olmasa, cərimənin məbləğinin artırılması və digər cəza sanksiyaları da nəzərdə tutula bilər".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Gəncədə modul tipli xəstəxananın açılışında bəzi vətəndaşların tibbi maskadan istifadə etməməsi məsələsinə toxunub:

"İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Maska   Cərimə