Prezident: “Ordu quruculuğu bizim üçün prioritet məsələdir”

  25 İyun 2020    Oxunub : 2396
    Prezident:   “Ordu quruculuğu bizim üçün prioritet məsələdir”
Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var. “Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım–iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bir də ki, bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Bu, təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir”, - deyə Prezident qeyd edib.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Ordu