“Cərimələrin artırılması hüquqi şəxslərə də aid edilməlidir” - Kamal Cəfərov

“Cərimələrin artırılması hüquqi şəxslərə də aid edilməlidir” -  Kamal Cəfərov
  26 İyun 2020    Oxunub:5215
Dövlət koronavirusla mübarizədə üzərinə düşəni edir. Xəstəxanalarımız kifayət qədərdir, lakin yeniləri də tikilir. İndi xəstəliyə yoluxanların sayının artması artıq bunu zəruri edir. Amma xəstəlik artan zaman biz həkim sayını artıra bilmirik.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, karantin rejiminin yumşalmasından sonra ictimai yerlərdə qaydalara əməl edilməməsi nəticəsində yoluxma sayı artıb.

“Operativ Qərargah yoluxanların yoluxma mənbəyini müəyyən etməli, müəyyən qərarlar qəbul edilməlidir. Bundan sonra nəzarət mexanizmləri təmin olunmalıdır. Cərimələrin artımının insanların davranışına təsiri öyrənilir. Hər bir inzibati cərimə çəkindirici xarakter daşımalıdır. Biz qanuna onu daxil edərkən tibbi maskalardan istifadəyə nail olmaq istəyirdik. Lakin buna nail ola bilməmişik. Cərimələrin miqdarını artıra bilərik. Lakin vətəndaşlar tibbi maskadan cərimədən yayınmaq üçün yox, özlərini qorumaq üçün istifadə etməlidir. Burada maarifləndirmə tədbirlərinə böyük ehtiyac var”.

K.Cəfərov bildirib ki, hazırkı reallıq tibib maskaların taxılmaması ilə bağlı cərimələrin tətbiqinin effektiv olmadığını göstərir.

“Bu, cərimələrin azlığı və ya onun effektiv tətbiq olunmaması ilə bağlı ola bilər. Məsələ araşdırılmalıdır. Ondan sonra cərimələrin artırılmasına baxıla bilər. Digər ölkələrdə cərimələr həddindən artıq yüksəkdir. Tibbi maskaların qiyməti 30 qəpikdir. İndi cərimə nə qədər olmalıdır ki, şəxs 30 qəpiyə maska alsın, yoxsa 100 və ya 150 manat cərimə ödəsin. Təkcə vətəndaşlara deyil, hüquqi şəxslərə də ciddi nəzarət olmalıdır. Əgər marketlərə maskasız girənlərə görə hüquqi şəxs cərimələnərsə, o, ikinci dəfə buna icazə verməz. Marketlərdə tibbi maskalardan istifadə edənlər yoxdur. Cərimələrin artırılması təkcə vətəndaşlara deyil, hüquqi şəxslərə də aid edilməlidir. Hüquqi şəxs üçün məsuliyyəti dəfələrlə artırmalıyıq, 200 manat cərimə çox azdır. Onlar üçün cərimə 1000-2000 manat olarsa, maskasız heç kimi içəri buraxmazlar".

Deputat, həmçinin qeyd edib ki, karantin rejiminin sərtləşdirilməsi, iqtisadi tənəzzül dünyada heç bir hökumətin marağında deyil.

“Hökumətin marağında olan karantin rejiminin tez bitməsi, insanların biznes fəaliyyətlərinin bərpa olunmasıdır. Lakin ölkə başçısının siyasəti var ki, birinci növbədə hədəfimiz Azərbaycan xalqının sağlamlığıdır. Nə qədər mümkündürsə, karantin rejimi tətbiq ediləcək ki, kritik hədd aşağı düşsün”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska   Cərimə  





Xəbər lenti