Karantinin daha da sərtləşdirilməsi və cərimələrin artırılması təklif olundu

Karantinin daha da sərtləşdirilməsi və cərimələrin artırılması təklif olundu
  26 İyun 2020    Oxunub:6545
İnsanlar başa düşməlidir ki, sərt karantin rejimindən sonra yumşalmalara gedilməsi o demək deyil ki, koronavirus infeksiyası bitib. Əhali Operativ Qərargahın tövsiyyələrinə əməl edərək həyatına davam etməlidir. Lakin vətəndaşlarımız məsuliyyətsizlik nümayiş etdirdi və gündəlik koronavirus xəstələrinin sayı 500-ü keçdi.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Azər Badəmov deyib. Onun sözlərinə görə, bu nəticələr sərt karantin rejiminin tətbiqini zəruri edir.

“Zərurətin əsas məqsədi insanların sağlamlığının təmin edilməsidir. Bu istiqamətdə məhdudlaşdırıcı tədbirlər görülməklə koronavirus infeksiyasının yayılma zəncirinin qırılmasına nail olmaq olar. Sərt karantin rejiminin tətbiqinə zərurətin yaranmasının günahı özümüzdədir. Əgər biz vaxtında Operativ Qərargahın tələb və tövsiyələrini rəhbər tutaraq həyatımıza davam etsəydik, o zaman sərt karantinə ehtiyac qalmazdı. Tibbi maskaların taxılmamasına görə cərimələr qəbul olundu və təbliğat-təşviqat kampaniyaları aparıldı. Lakin insanlar buna riayyət edərək gündəlik həyatını maska ilə davam etdirmək niyyətində deyillər. Ona görə sərt karantin rejiminin tətbiqi, həm də təsiredici metodların daha da sərtləşdirilməsi məsələsi gündəmə gəlir. Tibbi maska taxılmamağa görə cərimələrin daha da artırılması, tələblərin daha da ciddiləşdirilməsi, həbs cəzasına qədər getmək düşünürəm ki, insanların sağlamlığı üçün vacibdirsə, etmək lazımdır".



Deputat bildirib ki, təkcə bütün məsələləri dövlətin üzərinə atmaq düzgün deyil. "İnsanlar cəmiyyətin içərisində özü-özünə təsiretmə metodlarından istifadə etməlidir. İctimai qınaq olmalıdır, tibbi maska taxmayan şəxslər ictimai qınaq obyekti olmalıdır ki, həmin şəxs də ondan istifadə etsin. Biz artıq yeni həyata öyrəşməliyik. Koronavirusa qarşı peyvənd icad olunmayana qədər infeksiya bizimlə yaşayacaq və biz də tibbi maskadan istifadə edərək özümüzü qorumalıyıq.

İlkin müsbət nəticələr dövlətin bütün resurslarını bu istiqamətə yönəltməsi sahəsində əldə olunub. Dövlət iqtisadi fəaliyyəti kənara qoyaraq, insanların sağlamlığını önə çəkdi və vətəndaşlara sosial dəstək oldu. Böyük maliyyə itkilərinin olmasına baxmayaraq, Azərbaycan dövləti insanların sağlamlığına yönəlik addımlar atılmasını davam etdirdi və bu gün də etdirir. Amma vətəndaşlarımız buna adekvat cavab verirlərmi? Təbii ki, vermədilər ki, bu gün yenidən sərt karantin rejimi tətbiqinin zərurəti meydana gəlir. Dövlət təkbaşına infeksiya ilə mübarizə aparıb, nəticə əldə edə bilməz. Burada həm dövlət, həm vətəndaş vəhdət şəkildə birgə mübarizəyə qoşulmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Deputat  





Xəbər lenti