“Minlərlə musiqiçinin çörəyi toydan çıxır” - Əməkdar artist

  26 İyun 2020    Oxunub : 17339
“Minlərlə musiqiçinin çörəyi toydan çıxır” -  Əməkdar artist
"Koronavirus bəlası sanki sənət adamları üçün gəlib. Hərdən günəmuzd işləyən musiqiçilərin halını fikirləşəndə dəli oluram".
Bunu Azvision.az -a Əməkdar artist Baloğlan Əşrəfov deyib.

Müğənni karantin günlərini necə keçirməsindən danışaraq bildirib: "Mən qayda-qanunlara əməl etməyi sevən adamam. Necə məsləhət bilirlərsə, elə də edirəm. İstəyirəm ki, Azərbaycan xalqı bu bəladan tez bir zamanda qurtulsun. Gecə-gündüz Allahdan bunu arzu edirəm. Bu dəqiqə Bakıda evimdəyəm, bütün kitabları qarşıma tökmüşəm, vərəqləyirəm, təzə nəsə yazmaq istəyirəm. Hərdən pianino arxasında otururam, özüm üçün züm-zümə edirəm. Evdə darıxmıram. Məndə gənclik dövründən qalma vərdişdir. Toya getmək üçün evdə olurdum ki, axşam saat 6-da toyda olmalıyam. Ona görə evdə qalmaq mənim üçün problem deyil. Əgər bunu tələb edirlərsə, bizə xeyir verirsə, niyə etməyək?

Həkimlər, elm adamları necə məsləhət bilirsə, elə edirəm. Evdən çıxanda maska taxıram. Dostlarla tez-tez telefonla danışıram. Allah telefon çıxaranın canın sağ etsin, 3-4 dostumla eyni anda qoşuluruq. Görüşəndə də öpüşmürük, qucaqlaşmırıq, ağzımızda maska olur. Heç vaxt "əşi nə olar olar" deməmişəm. Hərdən insanlardan müsahibə götürürlər ki, niyə maska taxmamısan, deyir ki, taxa bilmirəm. Belə insanlardan çox acığım gəlir".

B.Əşrəfov, həmçinin musiqçilərin maddi vəziyətindən də söz açıb.

"Bir atalar misalı var. Deyir, İranda bir top atdılar, qəlpəsi gəlib Azərbaycanda musqiçilərə dəydi. Ət satan ətini satır, avtobus sürən avtobusunu sürür, amma müğənnilər üçün iş qadağandır. Bu bəla sanki birbaşa musiqiçilər üçün gəlib. Hərdən fikirləşirəm ki, yüz minlərlə musiqiçi ordusunun günü necə keçir. Onlar nə edirlər?

Bəziləri deyir ki, 10 və ya 50 nəfərlə toy olsun, qonaqlar oynamasın, ancaq gəlinlə bəy oynasın. Bura Azərbaycandır. 10 minlərlə şadlıq evi var. Dünyanın heç bir ölkəsində şadlıq evi yoxdur. Çünki bu bizim millətin qanında var. Bizim millətin xarakterinə uyğundur ki, toyları belə keçiririk, qohumlar, elin adamları iştirak edir. Ona görə diqqətlə fikirləşmək lazımdır. Nə qədər gözləmək lazımdırsa, gözləyərik.

Hökumət mənə müəyyən qədər zəhmət haqqı olaraq pul verir. Elə musiqiçilər var ki, heç bir yerdən gəliri yoxdur. Ancaq günəmuzd 10-15 manata işləyirlər. Onların halını düşünəndə adam dəli olur. Minlərlə musiqiçinin çörəyi toydan çıxır".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: BaloğlanƏşrəfov   Müğənni