130-dan çox ölkəni birləşdirən təşəbbüs - Deputatın şərhi

 130-dan çox ölkəni birləşdirən təşəbbüs -  Deputatın şərhi
  29 İyun 2020    Oxunub:4385
"Müstəqil siyasət yürüdən Azərbaycan inkişaf modeli və təkmil islahatları ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Sözsüz ki, bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir".
Bunu Azvision.az-a Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev bildirib.

Deputat bildirib ki, biz bu günlərdə Azərbaycan dövlətinin getdikcə artan nüfuzunun bir daha şahidi olduq:

"BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu. Koronavirus pandemiyasının dünyada tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronovirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi. 120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin-planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi".

N.Həmzəyev qeyd edib ki, gözəgörünməz düşmənin- COVID-19- un topsuz-tüfəngsiz hücumlarına qarşı birgə tədbirlər görmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi atılan addımların davamı oldu:

"BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur qaydaları”na müvafiq bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində - yəni, 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verib. Belə çətin dönəmdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti