“Hamı bilməlidir ki, vəziyyət kifayət qədər mürəkkəbdir”

 “Hamı bilməlidir ki, vəziyyət kifayət qədər mürəkkəbdir”
  30 İyun 2020    Oxunub:2281
Koronavirusa yoluxanların sayının azalmasından sonra yumşalma prosesinə getməyin tərəfdarıyam. Lakin bunun üçün insanlarımızdan çox şey asılıdır.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra yoluxma saylarında artım müşahidə edilir və gündəlik təsdiq edilmiş yoluxma sayı 500-ü ötüb.

“21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik yoluxma sayında müəyyən qədər sabitləşmə təmin edilib. Bununla yanaşı hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıqdır, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır. Lakin buna baxmayaraq, hələ də qaydalara əməl etməyənlər də var. Bildiyiniz ki, artıq karantin rejiminin pozulmasına görə cərimələri artırdıq. Bunu ona görə etdik ki, bəzi məsuliyyətsiz insanlar vəziyyəti başa düşsünlər, maska taxsınlar, əlcək geyinsinlər, sosial məsafə saxlasınlar, özlərini və digərlərini qorusunlar. Hamı bilməlidir ki, vəziyyət kifayət qədər mürəkkəbdir".

Deputat qeyd edib ki, istehsalatın işləməyi, insanların azad gəzməyi bizim bu qaydalara əməl etməyimizdən asılıdır.

“Xəstəliyin dərmanı və vaksini tapılmayıb, ancaq bunun yeganə dərmanı evdə qalmaq, maska taxmaq, özünü qorumaqdır. İstəsək də, istəməsək də buna əməl etməyə məhkumuq. Kimsə məsuliyyətsiz hərəkət edib, bunu qəbul etmirsə, özünü də yoluxdur, digərlərini də xəstələndirir. İnsanlarımızdan məsuliyyətli olmağı xahiş edirəm. Əgər insanlar məsuliyyətli olsalar, deyilən məsələlərə əməl etsələr, hər şey yaxşı olacaq. Əgər yenə artım olarsa, yəqin ki, başqa ölkələr kimi bizdə də karantin rejiminin vaxtı uzadılacaq. Vətəndaşlardan xahiş edirəm ki, hamı məsuliyyətli olsun, qaydalara əməl etsin və karantin tez zamanda bitsin. Biz birlikdə hər şeyə qalib gələ bilərik”.

Azvision.az


Teqlər: Karantin   Koronavirus  





Xəbər lenti