SOCAR: Dənizə gedən işçilər xüsusi karantində saxlanılır

  SOCAR: Dənizə gedən işçilər xüsusi karantində saxlanılır
  02 İyul 2020    Oxunub:3315
Sərt karantin rejimi dövründə işçilərin yoluxma və yoluxdurma riskini minimuma endirmək üçün SOCAR-ın siyasəti işçilər arasında koronavirus testlərinin intensiv keçirilməsi, mütəmadi dezinfeksiya, sosial məsafənin qorunması, habelə mümkün olduğu hallarda işçilərin distant şəkildə (evdən) işləməsi və digər tədbirləri əhatə edir.
Bunu Azvision.az -a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Qurum rəsmisi bildirib ki, neft sənayesi ölkəmiz üçün həyati əhəmiyyətli iqtisadi sahələrdən olduğuna görə, neftçilər bu gün də iş başındadırlar: "Şirkətin idarəetmə aparatında, idarələrdə, dəniz obyektlərində koronovirusun yayılmasının qarşısının alınması ilə bağlı mütəmadi tədbirlər görülür. İnzibati binalarda bio-dezinfeksiya keçidləri quraşdırılıb, quru və dənizdəki istehsalat obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, işçilər xüsusi yoxlamadan keçirilir. Vətəndaşların fiziki qəbulları təxirə salınıb, müraciətlər yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir".

İ.Əhmədov vurğulayıb ki, dəniz özüllərində xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb:

"Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb.

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah həftənin 7 günü, sutkanın 24 saatı öz fəaliyyətini davam etdirir. Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə rəqəmsal vasitələrlə bağlantı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır.

Dəniz obyektlərində çalışan işçilər xüsusi ayrılmış karantin zonalarına yerləşdirilir, həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər".

SOCAR sözçüsü əlavə edib ki, rəhbər işçilər istisna olmaqla, bir çox işçilərə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda rəhbərlər ilə razılaşdırmaqla, iş yerinə gəlmədən evdən işləmə imkanları yaradılıb.

"Dənizə gedən işçilər xüsusi karantində saxlanılır və test nəticələri mənfi çıxandan sonra iş yerinə göndərilir. Ofislərə gələn işçilər arasında da mütəmadi olaraq testlər aparılır. Karantin dövründə işçilər qoruyucu və digər vasitələrlə təmin olunurlar.

Pandemiya dövründə işçilərin inkişafına distant şəkildə töhfə vermək məqsədilə müxtəlif mövzuları əhatə edən daxili vebinarlar keçirilir.

SOCAR-ın müəssisələri və struktur bölmələrinin kollektivi istehsalat fəaliyyəti ilə yanaşı, dövlətin koronovirusla bağlı tədbirlərinə, əhaliyə ərzaq yardımı aksiyalarında, eyni zamanda həkimlərimizə dəstək məqsədilə həyata keçirilən sosial xarakterli çağırışlarda da aktiv iştirak ediblər", - deyə İ.Əhmədov qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti