Deputat: “Sərt karantin rejimi ciddi nəticələr verir”

  03 İyul 2020    Oxunub : 1958
  Deputat:  “Sərt karantin rejimi ciddi nəticələr verir”
"Hesab edirəm ki, ölkədə tətbiq olunan sərt karantin rejimi yoluxma sayının artmasının qarşısını almaqda ciddi nəticələr verir".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, sərt karantin qaydaları ilə ölkəmizdə virusun yox olma dərəcəsinə nail ola bilərik.

“6-7 aydır ki, dünya ölkələri pandemiya ilə mübarizə aparır. Azərbaycan da COVID-19 infeksiyası qeydə alınan gündən çox ciddi tədbirlər görülüb. Karantin rejimi tətbiq olunub və uğurlu nəticələr əldə edilib. Təəssüf ki, karantin rejimi yumşaldılandan sonra əhalidə xəstəliyə qarşı laqeydlik yarandı. İnsanların qaydalara əməl etməməsi nəticəsində xəstəliyə yoluxan şəxslərin sayı artdı. Artıq bir aydır ki, ölkədə ciddi karantin rejimi hissə-hissə tətbiq edilir. İndi yenidən karantin qaydaları sərtləşdirildi və uzadıldı. İnsanlar arasında ciddi maarifləndirmə aparılır. Maarifləndirmə ilə bərabər sosial şəbəkələrdə şayiələr də yayılır. Deyəsən, bu da kimlərinsə maraqlarına uyğun gəlir”.

Deputat bildirib ki, insanlar bundan sonra da qaydalara əməl etməlidir.

“Dünya ekspertləri, səhiyyə institutları sübut edir ki, pandemiyaya qarşı vətəndaşlar dövlətlə birlikdə həmrəy şəkildə mübarizə aparmalıdır. Sanitar qaydalara əməl edilməlidir, sosial məsafə gözlənilməli, maska taxılmalıdır. Sosial hərəkətliliyin azaldılması vacibdir. İnsanlar lazım olub-olmadı küçələrdə gəzirlər, ictimai yerlərə gedirlər. Sərt qaydaların tətbiqi çox vacibdir. Marketlərdə vətəndaşlar bir-birilərinə yaxın məsafədə dayanır. Lakin biz bir müddət yeni qaydalarla yaşamağa və şərtlərə əməl etməyə məcburuq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Deputat   Koronavirus   Karantin