“Elə bilin ki, biz müharibədə, ön cəbhədəyik” - Prezidentin köməkçisi

 “Elə bilin ki, biz müharibədə, ön cəbhədəyik” -    Prezidentin köməkçisi
  03 İyul 2020    Oxunub:7314
Ciddi karantin rejiminin ikinci həftəsi tamamlanır, yoluxanların sayı yüksək səviyyədə qalır. Yoluxmanın yüksək olması hamını narahat edir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır.

“Biz kağızda istənilən məhdudiyyətləri yaza bilərik. İnsanlar ona əməl etməsə, heç bir nəticəsi olmayacaq. Biz hamımız cəmiyyət kimi böyük təhlükə ilə üzləmişik. Bu problem bütün dünya ölkələrində tüğyan edir və dövlətlər bununla mübarizə aparır. Azərbaycanın belə problemlə üzləşməsi və qalib olması bütün cəmiyyətin həmrəy olmasını tələb edir. Burada “mənə nə edilib” yox, “mən bu mübarizədə nə etmişəm” sualı olmalıdır. Elə bilin ki, biz müharibədəyik, ön cəbhədəyik. Bizim tərəfdə hamımız, digər tərəfdə koronavirusdur. Biz birgə olub, buna qalib gəlməliyik. Biz maska taxmaqla, əllərimizi tez-tez yumaqla və sosial məsafə gözləməklə bunu həll edə bilərik”.

Ş.Mövsumov bildirib ki, ictimai nəqliyyatda, apteklərdə və marketlərdə sıxlıq olur:
“Burada 5 nəfərdən biri maskasız olanda, gərək hamımız ona maska taxmasını deyək. Koronavirusun dünyada nə zaman sona çatacağı hamının bilmək istədiyi sualdır. Bunu bitirmək üçün tələblərə riayət etməliyik. Bir çox suallar var. Lakin bunların çoxuna hələ cavab yoxdur. Hər gün yeni bir şey öyrənirik. Biz unikal bir vəziyyətdəyik ki, dünya təcrübəsi yoxdur. Çünki dünya özü axtarışdadır və hələ də tapa bilmir. Bu, qeyri-müəyyənlik hamını və bizi də narahat edir. Məni şəxsən çox narahat edir. Mənim də ailəm, uşaqlarım və yaşlı valideynim var. Onlar risk altındadır. Bu riski yaradan isə sadə insanlardır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin   ŞahmarMövsümov  





Xəbər lenti