Şeyx din xadimləri ilə videokonfrans keçirib

Şeyx din xadimləri ilə videokonfrans keçirib
  03 İyul 2020    Oxunub:2853
İyulun 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.
QMİ-nin mətbuat xidmərindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və ölkəmizdəki dini konfessiya başçılarının qatıldığı videogörüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Videoiclasın iştirakçılarını salamlayan QMİ sədi Şeyxülislam A.Paşazadə ilk dəfə bu formatda görüşdüklərini xatırladıb. Dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVİD-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib.

QMİ sədri Azərbaycan Prezidentinin Nazirlər Kabineti yanında təsis etdiyi Operativ Qərargahın fəaliyyətini təqdir edərək, QMİ-nin bu qurumla fəal əməkdaşlıq etdiyini, dini səciyyəli məsələlərə dair tövsiyə və qərarları birgə müzakirə etdiklərini diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə dini mərkəzin geniş beynəlxalq əlaqələrinin pandemiya dövründə də davam etdirildiyini qeyd edib.

Amansız xəstəlik dövründə mücadilənin ön cəbhəsində mübarizə aparan həkimlərin, polislərin zəhmətini yüksək dəyərləndirən QMİ sədri din xadimlərimizin də bu istiqamətdə fədakar xidmətini xüsusi qeyd edib. O bildirib ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması, xəstəlik riskini göz önünə alaraq dini vacibatları yerinə yetirməsi minnətdarlıqla qarşılanır. Bunun üçün din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri, koronavirus səbəbindən dünyasını dəyişənlərə Allahdan rəhmət dilədi, onların əzizlərinə başsağlıgı verdi və xəstələrə şəfa diləyib.

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı videoiclas iştirakçılarını səmimi salamladı. Hər zaman bu tərkibdə Şeyxülislamın iqamətgahında, Təzəpir kompleksində canlı görüşdüklərini xatırladan Komitə sədri ilk dəfə video formatında görüş keçirildiyini qeyd etdi və pandemiyanın tezliklə bitməsini arzuladı. Pandemiyanın gedişatı, yaratdığı reallıqlar, fəsadlar barədə geniş məlumat verən M. Qurbanlı bu bəlanın dəf olunması üçün zəruri olan məqamları din xadimləri ilə bölüşdü. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, martın 28-də Bakıda müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, modul tipli xəstəxanaların tikilməsi infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondunun göstərdiyi fəallıq da mütləq qeyd olunmalıdır. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirdi. “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində aztəminatlı və digər həssas kateqoriyadan olan 100 mindən çox ailəyə yardım paylanıldı. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olundu.

Azərbaycan dövlətinin atdığı addımları dəyərləndirərkən, hər hansı bir ölkənin təkbaşına COVİD-19-la mübarizəsinin qeyri-mümkünlüyünü vurğulayan Komitə sədri dövlətimizin qlobal müstəvidə bütün dünya dövlətlərinin səylərinin birləşdirilməsi yönündə atdığı addımları, xüsusən, BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü xüsusilə nəzərə çatdırdı.

Dövlət tərəfindən bütün lazımi addımların atıldığını vurğulayan M. Qurbanlı din xadimlərinin bu işə dəstək göstərmələrini qeyd edərək, virusun olduqca təhlükəli olduğunu və bundan qorunma tədbirlərini təbliğ edən moizə və çıxışlarının böyük önəm kəsb etdiyini xüsusi vurğuladı. Bu əsnada, din xadimlərimizin müxtəlif internet platformalarında, Facebookda, YOUTUBE kanalında yayınlanan moizələrini dinləyərkən onların səviyyəsindən razı qaldığını dilə gətirən Komitə sədri, məscidlərin vəfat etmiş insanlar qarşısında dini-mənəvi borclarını yerinə yetirmələrini yüksək dəyərləndirdi. M.Qurbanlı pandemiya bitdikdən sonra fədakarlıq nümunələri ilə seçilən din xadimlərinin fərqləndirilməsi barədə QMİ sədrinin təklifini nəzərdən keçirəcəklərini vurğuladı.

Videoiclasda çıxış edən dini konfessiya rəhbərləri — Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri olaraq dünyanın tezliklə virus təhlükəsindən qurtulmağı, bəşərin xilası üçün və Azərbaycan hökümətinin bu istiqamətdə gördüyü işlərin uğuru üçün dualar etdilər. Bildirdilər ki, məkrli xəstəliklə mübarizə üçün dinindən asılı olmayaraq cəmiyyətin bütün zümrələri səfərbər olmalı, lazımi davranış qaydalarına əməl etməli, dövlətimizə dəstək olmalıdırlar.

QMİ sədrinin birinci müavini Müfti Salman Musayev pandemiya dövründə məcsidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin ehtiyacı olan insanlara, yaşlılara, əlillərə yardımlar təşkil etdiyini, dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun keçirilməsini təmin etmələrini, yayınlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırdı. Müfti məscidlərin bağlı qalması səbəbindən TV-lərdə din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və şərait yaradılması məsələsinə dövlət komitəsinin yardımçı olmasını zəruri saydı.

QMİ sədri Şeyxülislam A.Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məcsidinin imamı Elman Piriyev, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, Quba bölgəsi üzrə qazı Naib Səttarov, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndə Tahir Abbasov, Cənub bölgəsi üzrə qazı Qəni Axundzadə, Balakən rayonu üzrə qazı İbrahim İbrahimov, Təzəpir məscidinin imamı Mircəfər Əyyubov Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Qəbələ bölgəsi üzrə qazı Ceyhun Rüstəmov, Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndə Mərəhməd Mustafayev, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Qazax bölgəsi üzrə qazı İlham Süleymanov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adığözəl Bəşirov çıxış etdilər.

Çıxışlarda din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyələrinə və direktivlərinə uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pandemiyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildirdilər. Prosesdə rastlaşdıqları çətinlikləri sadalayan, bununla belə yerlərdə səlahiyyətləri çərçivəsində dini-mənəvi borclarını yüksək səviyyədə yerinə yetirdiklərini diqqətə çatdırdılar. Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını bildirdilər. Öz təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğuladılar. Din xadimləri xarici kəşfiyyat qurumları tərəfindən yönləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar kəsimin heysiyyatına toxunduğunu və bu abırsız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırdılar.

Videoiclasın sonunda QMİ sədri Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlıya belə bir görüş ideyasına verdiyi dəstəyə görə təşəkkürünü bildirdi və din xadimlərinin bütün təkliflərinin nəzərdən keçiriləcəyini vurğuladı.

Azvision.az


Teqlər: QMİ   Şeyx  





Xəbər lenti