Jurnalist araşdırmaları müsabiqəsinin vaxtı uzadılıb

Jurnalist araşdırmaları müsabiqəsinin vaxtı uzadılıb
  06 İyul 2020    Oxunub:2769
Bu il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il iyunun 30-da imzalanmış Sərəncamla xüsusi karantin rejiminə riayət etməklə yubiley tədbirlərinin keçirilməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, yubileyə həsr olunan tədbirlər çərçivəsində 22 iyul – Milli Mətbuat Günü ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş jurnalist araşdırmaları müsabiqəsinin nəticələri üzrə qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

Xatırladaq ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə elan olunmuş “Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr” mövzusunda müsabiqəyə cari il martın 1-dən başlanılıb.

Lakin COVID-19 qlobal pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi nəzərə alınaraq müsabiqənin vaxtı uzadılıb.

İyulun 15-dək davam edəcək müsabiqəyə qoşulmaq arzusunda olanlar ətraflı məlumatı nazirliyin saytından (https://azvision.az/redirect.php?url=http://justice.gov.az/news/1695) əldə edə bilərlər. İştirakçılar yazı və digər materialları, həmçinin Ədliyyə Nazirliyinə elektron qaydada ([email protected]) müsabiqənin şərtlərinə uyğun olmaqla göndərə bilərlər.

Azvision.az


Teqlər: Müsabiqə  





Xəbər lenti