“Toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb” - Prezident

   “Toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb” -    Prezident
  07 İyul 2020    Oxunub:4669
Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var.

"Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.

İqtisadi sahədə bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə özünü göstərir. Həm biznes cəmiyyəti bunu görür və qiymətləndirir, eyni zamanda, biznes qurumlarında fəaliyyət göstərən vətəndaşlar. Bu il yüz mindən çox əmək müqaviləsi imzalandı. Əslində bu, qeyri-formal məşğulluğun ağardılması deməkdir. Çünki bu günədək yüz minə qədər insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi, öz əməkhaqqı barədə məlumat vermirdi. Beləliklə, özünü gələcək pensiya təminatından, gələcək tibbi sığortadan məhrum edirdi. Odur ki, həm maarifləndirmə işləri, həm də çox ciddi inzibati addımlar və dövlət qurumları ilə biznes qurumları arasındakı təmaslar, onlar üçün güzəştli vaxtın uzadılması ona gətirib çıxardı ki, yüz mindən çox əmək müqaviləsi imzalandı və bu, son hədəf deyil. Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir", - deyə Prezident çıxışında qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti