“25-30 yaşlılar arasında da ölüm halları ilə üzləşirik” - Pərviz Abbasov

 “25-30 yaşlılar arasında da ölüm halları ilə üzləşirik” -    Pərviz Abbasov
  08 İyul 2020    Oxunub:3469
Fevralda müşahidə olunan yeni növ koronovirus (COVID-19) xəstəliyi ilə son aylardakı xəstəliyin arasında fərq çox böyükdür. Həmin vaxt daha çox yaşlılar, yanaşı xəstəliyi olanlar arasında ağırlaşma və ölüm hallarına rast gəlinirdisə, son aylarda həmin hallar gənclər arasında da müşahidə olunur. Təəssüf ki, 25-30 yaşlılar arasında da ağırlaşma və ölüm halları ilə üzləşirik. Bunun bir səbəbi yoluxmanın çoxluğudursa, digər səbəbi virusun aqressiyasında da müəyyən fərqlərin meydana çıxmasıdır.
Bunu “Yeni Klinika” Tibb Müəssisəsinin direktoru, tibb elmləri doktoru Pərviz Abbasov deyib. O, uşaqların yoluxması zamanı müalicənin aparılma forması haqqında da məlumat verib:

“Əgər bir körpə, uşaq COVID-19-a yoluxubsa, o uşaq xəstəxanasına aparılır və ananın müşahidəsi ilə müalicə olunur. Həm ana, həm də uşaq yoluxubsa, bu zaman onlar ümumi xəstəxanaya gətirilir. Orada həm ananın, həm də uşağın müalicəsi aparılır. Onlar bir otaqda müalicə alırlar. “Yeni klinika”da valideynləri ilə birgə müalicə alan xəstələr az deyil. Koronavirusa yoluxan 16 yaşadək uşaqların həmin infeksiyadan əziyyət çəkən valideynləri ilə birgə müalicəsinə icazə verilir".

P.Abbasov bildirib ki, koronavirusla əlaqədar müalicə alan insanları 50 yaşadək və 50 yaşdan yuxarı olanlara bölsək, təbii ki, ikinci qrupa məxsus olanlar daha çoxdur, hətta onların sayı 70 faizdən də artıqdır. Üç-dörd ay əvvəl 50 yaşdan yuxarı xəstələri 50-60 yaşarası, 60-70 yaşarası, 70-dən yuxarı kimi yaş qruplaşdırsa idik, həmin vaxt 70-dən yuxarı yaş qrupu daha çox idi. Hazırda mənzərə dəyişib və 50-60 yaşlı xəstələr daha çox üstünlük təşkil edir.

O, xəstəliyin müalicəsi haqqında məlumat verərək deyib: "Xəstəliyin dünyada qəbul olunmuş ümumi qayda və protokollara əsaslanan müalicə taktikası olsa da, indi həmin protokollar dəyişir. Çünki konkret olaraq COVID-19-u məhv edən bir preparat yoxdur. Antiviral, yəni virus əleyhinə preparatlar var. Eksperimental və klinik tədqiqatlar nəticəsində hansı dərmanın daha səmərəli təsiri olduğu araşdırılır. Müalicə protokolları, müalicənin gedişatı xəstəliyin vəziyyətindən asılıdır. Burada temperatur, təngnəfəsliyin olması, xəstəliyin müddəti, yanaşı xəstəliklərin olması və qan göstəriciləri çox həlledici rol oynayır. Mütləq xəstədə qanın iltihab göstəriciləri araşdırılır, o cümlədən bəzi biokimyəvi analizlər aparılır. Həmin analizlərə uyğun olaraq ağciyərdən başqa hansı sistem və orqanda problem varsa, həmin orqana yönələn müalicə ilə birgə COVID-19 virusuna qarşı müalicə aparılır. Ümumi protokol eyni olsa da, ağırlaşmaya görə tətbiq edilən müalicə sxemi həkimin qərarından asılıdır. Ümumilikdə isə stasionar şəraitdə xəstənin hansı müalicəni alması müəyyənləşib. İntensiv terapiya və reanimasiya şəraitində olan xəstələrin müalicəsi ilə ümumi şöbədə, stasionarlarda tətbiq edilən müalicə arasında bir qədər fərq var. Bu fərqlər əsasən oksigen müalicəsi ilə əlaqədardır. Qaydalar isə ümumidir və artıq qəbul olunub". (AzərTAc)

Azvision.az


Teqlər: Yeni-klinika   Xəstəxana  





Xəbər lenti