Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq davam etdirilir
Albaniyanın Baş naziri və xarici işlər naziri cənab Edi Ramanın təşəbbüsü ilə keçirilən tədbirdə 100-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi ilə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyevadan ibarət nümayəndə heyəti tərəfindən təmsil edilib.
Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün ATƏT-in həyata keçirdiyi üç əsas fəaliyyət istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr olunan konfransda ATƏT-in Baş katibi Tomas Qreminger, Monteneqronun Dövlət idarəetmə naziri Suzana Pribilovic, Makedoniyanın Xarici işlər naziri Nikola Dimitrov, İtaliya Deputatlar Palatasının üzvü Vittorio Ferraresi, Beynəlxalq Anti-Korrupsiya Akademiyasının dekanı Thomas Stelzer, Özbəkistanın Xarici işlər nazirinin müavini Şerzod Asadov, Gürcüstanın Ədliyyə nazirinin müavini Goca Lordkipanidze, İsveçrənin ATƏT, BMT və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Volfqanq Amadeus Brülhart, eləcə də Avropa Şurasının rəhbər heyəti, bir sıra ölkənin ədliyyə nazirləri, korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və digər vətəndaş cəmiyyəti institutlarının üzvləri, həmçinin tanınmış elm xadimləri iştirak ediblər.
Konfrans zamanı təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təşviqində yaxşı idarəçiliyin və korrupsiyaya qarşı mübarizənin rolu, bu sahədə əldə edilmiş müsbət təcrübə, ATƏT məkanında anti-korrupsiya strategiyası və anti-korrupsiya orqanları, eləcə də informasiya texnologiyalarının yaratdığı imkanlar, korrupsiyaya qarşı mübarizədə məlumat verən şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin rolu, korrupsiya cinayətlərinin istintaqı zamanı beynəlxalq əməkdaşlıq və sair kimi məsələlər üzrə müzakirələr və faydalı fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Baş-Prokurorluq