190 manata aldığı qarpızları parçaladı - Nazirlikdən münasibət
"Ödəmə alanların siyahısı isə bu sahədə ictimai aşkarlığa önəm verilməsinin göstəricisi kimi və ictimai nəzarətə şərait yaradılması üçün Nazirliyin saytında açıqlanıb. Burada məqsədimiz həm də odur ki, əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlər aşkarlansın və kəskin ictimai qınağa hədəf olsunlar.
R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə e-sistem tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib. Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub.
Bununla belə, R.Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir", - deyə nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Ruslan Quliyevin işsiz olduğu üçün ona verilən 190 manata qarpız alması və həmin qarpızları parçalamasını əks etdirən görüntülər yayılıb. Onun bu əməli ictimaiyyət tərəfindən tənqid olunub.
Azvision.az
Teqlər: ƏƏSMN