Ermənistanın təxribata əl atmasının səbəbi nədir? - Politoloq rəyi

  13 İyul 2020    Oxunub : 3025
 Ermənistanın təxribata əl atmasının səbəbi nədir? -   Politoloq rəyi
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti dəfə təxribata əl atmasının bir neçə məqsədi var. Bununla Ermənistan hakimiyyəti öz xalqının fikrini iqtisadi problemlərdən yayındırmaq, bu ölkədə geniş vüsət alan koronavirus pandemiyası ilə bağlı yaranan problemlərdən əhalinin diqqətini çəkindirmək məqsədi güdür.
Bunu Azvision.az -a sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Rusiyanı da münaqişəyə cəlb etmək istəyir.

"Yaxşı bilirlər ki, Rusiya heç vaxt strateji partnyor olduğu Azərbaycana qarşı çıxış etməyəcək. KTMT-də də yaxın müttəfiqlərimiz var, Qazaxıstan, Belarusiya heç vaxt Ermənistanın tam tərəfində dayanmayacaq. Paşinyan bundan sonra guya Avropaya üz döndərmək fikrindədir. Amma o, öz zəif beyni ilə düşünə bilmir ki, Avropaya Paşinyan rejimi Ermənistanla birlikdə lazım deyil".

F.Sadıqov qeyd edib ki, Avropa İttifaqı, NATO üçün Ermənistan kimi dövlətlər heç bir əhəmiyyət kəsb etmir.

"Vəziyyət göz qabağındadır. Azərbaycan Müdafiə Nazirliyi ölən və yaralananların sayını açıqladı, geniş şəkildə məlumat yaydı. Düşmən tərəf isə çoxlu itki verdi. Amma özləri bunu etiraf etmək istəmir. Çünki başa düşürlər ki, qorxulu məsələdir. Bu məsələlər Paşinyanın başında sınacaq və ona qarşı yönələcək. Bu səbəbdən rəqəmləri gizlədir, arxa plana çəkir, müxtəlif şayiələr yayırlar. Azərbaycanı günahlandırırlar və s. Lakin belə vəziyyət əbədi davam etməyəcək".

Politoloq bildirib ki, gec-tez ermənilərin verdiyi itkilər, həlak olanların sayı bəlli olacaq və o zaman Paşinyanın vəziyyəti daha da gərginləşəcək.

"Paşinyan bütün rəqibləri aradan götürüb, keçmiş tərəfdarlarını da aradan götürür. Konstitutusiya Məhkəməsinə zərbə vurur, yeni hakimlər gəlir. Bu, təbii ki, siyasi elita sıralarında normal qəbul olunmur. Paşinyana görə daxili məsələlərdən fikri yayındırmaq üçün kiçik müharibəyə başlamaq lazımdırsa, o, böyük səhvə yol verir. Əslində bizim Ermənistana qarşı güclü cavab addımlarımız onu yeni problemlərlə üz-üzə qoyacaq. Paşinyan siyasətdən xəbəri olmayan bir adam kimi bunu dərk etmir və dərinə getməyə də qabiliyyəti yoxdur".

Aytən Zəhra

Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat