Nazirlərin videokonfrans formatında görüşü olub

  13 İyul 2020    Oxunub : 2607
Nazirlərin videokonfrans formatında görüşü olub
İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkmənistan Baş Nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında videokonfrans formatında üçtərəfli görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, üç ölkənin dövlət başçıları səviyyəsində bu il iyulun 2-də keçirilmiş görüş zamanı aparılmış müzakirələr və qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində əməkdaşlıq planlarını müzakirə edən görüş iştirakçıları üçtərəfli formatda əməkdaşlığın potensial sahələri istiqamətində atılacaq addımlar barədə razılıq əldə ediblər. Elmar Məmmədyarov dövlət başçılarının görüşü zamanı səsləndirilmiş fikirlərin üçtərəfli formatda iqtisadi tərəfdaşlığın ana xəttini müəyyən etdiyini diqqətə çatdıraraq, ticarət, nəqliyyat, enerji və sərmayələr sahələrində əməkdaşlıq istiqamətində işləməyin məqsədəuyğunluğunu bildirib. Nazir üç ölkənin bir sıra istiqamətlərdə konkret nəticələrə hədəflənmiş əməkdaşlıq üçün potensialın olduğunu qeyd edib, digər sahələrdə imkanlardan mümkün qədər çox faydalanmaq məqsədilə nəqliyyat sahəsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında çoxtərəfli sazişin nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaratdığını bildirərək, bu məqsədlə ilk olaraq nəqliyyat sahəsinə aid qurumların iştirakı ilə görüşün keçirilməsinin məqsədəuyğun olduğunu ifadə edib, daha sonra digər sahələr üzrə görüşlərin təşkilini təklif edib. Nazir enerji sahəsində əməkdaşlığın da konkret nəticələrə hədəflənməli olduğunu, bunun üçün imkanların mövcud olduğunu vurğulayıb.

İnvestisiya sahəsində əməkdaşlıq imkanları barədə danışan E.Məmmədyarov üç ölkə arasında hüquqi bazanın gücləndirilməsinin də vacib olduğunu qeyd edib, bu məqsədlə yaxın zamanda investisiyaların təşviqi məqsədilə lazımi sənədlərin təşəbbüs edilməsini də təklif edib. Nazir üçtərəfli formatda əməkdaşlığın və əldə ediləcək nəticələrin müzakirəsi məqsədilə gələcək addımlar barədə fikirlərini bölüşərək, təkliflərini təqdim edib.

Azərbaycan Xarici İşlər nazirinin təkliflərini dəstəkləyən Türkmənistan Baş Nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov üçtərəfli təmasların dövlət başçıları, xarici işlər nazirləri və digər formatlarda mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ölkəsinin ikitərəfli əsasda Azərbaycanla və Əfqanıstanla yaxşı iqtisadi əlaqələri olduğunu bildirib, üçtərəfli əsasda əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyinə əminliyini vurğulayıb. Nəqliyyat sahəsinin xüsusi əhəmiyyət kəsb etməsi barədə Azərbaycan nazirinin fikrini dəstəkləyən R.Meredov nəqliyyat dəhlizlərində tarif və prosedurların daha rəqabət qabiliyyətli olmasının zəruriliyini, bu istiqamətdə aidiyyəti qurumların iştirakı ilə müzakirələrin vacibliyini qeyd edib.

Əfqanıstan Xarici İşlər naziri Məhəmməd Hənif Atmar əməkdaşlıq istiqamətləri və növbəti tədbirlərlə bağlı həmkarlarının fikrini dəstəkləyib, Əfqanıstanın tərəfdaş ölkələrlə qeyd olunan sahələrdə birgə tədbirlər görməkdə maraqlı olduğunu bildirib. Nazir Əfqanıstanda istehsal olunan məhsulların ixracı, sərmayə qoyuluşu, tranzit əməliyyatlarının sadələşdirilməsi, regional bağlantıların gücləndirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb və bu sahələrdə birgə səylərin göstərilməsinin arzu olunduğunu ifadə edib.

Tərəflər yaxın zamanda üç ölkənin nəqliyyat sahəsinə aid qurumları arasında görüşün təşkili və müvafiq istiqamətdə əməkdaşlıq məsələlərinin müzakirəsi barədə razılıq əldə ediblər.

Azvision.az

Teqlər: XİN