Paşinyanın Tovuz təxribatı nəyə hesablanıb? - RƏY

 Paşinyanın Tovuz təxribatı nəyə hesablanıb? -  RƏY
  14 İyul 2020    Oxunub:5386
Ermənistanda son dərəcə gərgin olan sosial-iqtisadi vəziyyət, pandemiya ilə bağlı rəqəmlərin rekord həddə olması, səhiyyə sahəsindəki uğursuzluqlar Tovuz istiqamətində təxribatla unudulmağa çalışılır.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilər uzun müddətdir ki, Azərbaycan-Ermənistan dövlət sərhəd zonasında, Qazax-Tovuz, Naxçıvan istiqamətində təxribatlar törətməklə məşğuldur.

"Onların birinci məqsədi diqqəti işğal altında olan Qarabağ zonasından yayındırmaq, sərhədə cəlb etməkdir. İkinci tərəfdən isə üzvü olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini çəkmək və onlardan kömək istəyib, beynəlxalq təşkilatlar qarşısında haray-həşir qaldırmaqdır. Guya Azərbaycan bunların ərazisinə təhlükə törədir və onlar Ermənistana kömək etməlidirlər. Burada başqa məqam da var. Paşinyanın yarıtmaz siyasi rəhbər kimi fəaliyyətinə qarşı Ermənistanda və ölkədən kənarda xaricdəki erməni təşkilatlarında güclənən etirazlar da burada rol oynayır. Paşinyanın istefası tələb olunur, çünki hakimiyyətə qanuni yolla gəlməyib, küçə etirazları ilə zəbt edib, verdiyi vədlərin heç birini yerini yetirməyib. O, gələnə qədər Ermənistanda onsuz da pis vəziyyətdə olan iqtisadiyyat getdikcə daha pis vəziyyətə düşür. Bunların hamısı ondan soruşulur".



E.Məmmədov qeyd edib ki, Paşinyan diqqəti yayındırmaq üçün təxribatlar törədir: "Ancaq bunların törətdikləri təxribatların son nəticələri öz başlarında partlayır. Onlar layiqli cavablarını alırlar. Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanıb. Düşmən həmişə olduğu kimi bu dəfə də güclü, dağıdıcı zərbələri aldı, yerinə otuzduruldu. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan Ordusu yenə də onlara öz yerini göstərdi. Lakin bu, onlar üçün kifayət deyil. Biz işğal altında olan ərazilərimizdən keçən təmas xəttində torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayaq, onlara zərbələr vurub məhv edək, torpaqlarımızdan süpürüb çıxaraq və ərazi bütövlüyümüzü təmin edək. Bundan sonra onlar başa düşərlər ki, 90-ci illərin Azərbaycanı ilə üz-üzə deyillər. Ermənilərin qarşısında müasir, inkişaf etmiş Azərbaycanın güclü ordusu dayanır. Ordumuz sübut edib ki, düşməni darmadağın etmək gücünə malikdir. 2016-ci ilin Aprel döyüşlərində sübut olundu və son iki gündə də gücümüzü düşmənə göstərdik".

Deputat əlavə edib ki, Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin çoxysalı itkiləri olsa da, düşmən tərəfi ölü və yaralıların sayını gizlədir.

"Erməni mediasından, sosial şəbəkələrdən məlumat sızır ki, onlardan ölənlər nə qədərdir. Say həddindən artıq çoxdur. Azərbaycan Ordusu başa saldı ki, bizim qarşımızda siz həddindən artıq zəif və gücsüzsünüz".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat  





Xəbər lenti