Ermənistan niyə məhz indi hərbi təxribata əl atır?

   Ermənistan niyə məhz indi hərbi təxribata əl atır?
  14 İyul 2020    Oxunub:4075
12 iyul 2020-ci il Ermənistanın siyasi rəhbərliyi tərəfindən ölkədəki hərtərəfli böhran vəziyyətinin fəsadlarından əhalinin diqqətinin yayındırılması, eləcə də Ermənistanın beynəlxalq müstəvidə “ədalətsizlik qurbanı olan dövlət” imicinin formalaşdırılması cəhdlərinin sonu kimi tarixə daxil oldu.
Belə ki, həmin gün Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə yenidən pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etdi. Bu hadisə beynəlxalq hüquqa görə Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü və güc tətbiqidir.

Əlbəttə, Azərbaycan ordusu Ermənistana layiqli cavab verdi, cənab Prezidentin də Təhlükəsizlik Şurasının 13 iyul 2020-ci ildə baş tutan iclasında vurğuladığı kimi, “həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.” Ermənistan tərəfi rəsmi rəqəmləri açıqlamasa da, düşmənin böyük itkilər verdiyi nə erməni, nə də Azərbaycan tərəfində sual yaratmır.

Baş verən hadisələrə görə tam məsuliyyət daşıyan Ermənistan siyasi rəhbərliyinin əsgərlərini açıq-aşkar şəkildə ölümə göndərməsinin arxasında duran daxili və xarici səbəbləri anlamaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:

1) Hal-hazırda Ermənistan rəhbərliyi tərəfindən atılan istənilən addım daxili auditoriyaya yönəlib. “İnqilabçı” ampluasının ekspluatasiyası sayəsində rəhbərliyə gələn N. Paşinyanın “çiçəklənən Ermənistan” vədləri özünü doğrultmadı. Ölkə əhalisinin səsini boğmaq məqsədilə repressiv üsullara əl atıb siyasi opponentlərini təqib və həbs edən, müxalifətdən olan deputatların toxunulmazıq hüququnu əlindən alan Paşinyan xalqı “düşmən” obrazı, süni şəkildə yaradılan xarici təhlükəyə qarşı mübarizə lozunqları vasitəsilə öz ətrafında birləşdirməyə cəhd etdi.

Lakin, ciddi sosial-iqtisadi böhran, korrupsiya, koronavirusla mübarizə istiqamətində çoxsaylı problemlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki böyük nöqsanlar Paşinyan hakimiyyətinin bu cür təxribat xarakterli addımlarla, o cümlədən bu il işğal edilmiş ərazilərdəki qondarma “seçkilər” vasitəsilə özünə vaxt qazanmasını tamamilə qeyri-mümkün etdi. 12 iyul təxribatı isə erməni baş nazirin özünü doğrultmayan son ümidi adlandırıla bilər.

2) Diplomatik uğurları sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi erməni tərəfində qıcıq yaratmaya bilməzdi. Dövlət başçımızın bir sıra nüfuzlu beynəlxalq platformalarda, o cümlədən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist mahiyyətini ifşa etməsi Ermənistanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini tarixi minimuma endirib. Bundan əlavə, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə də məhz Ermənistan olmuşdur. Bu da həm Ermənistanın rəhbər dairələrinin mənəvi cılızlığını, həm də beynəlxalq həmrəylik və çoxtərəfli diplomatiya kimi dəyərlərə olan münasibətini açıq şəkildə göstərir.
Lakin, Ermənistanın destruktiv səyləri nəticə etibarilə onu gülünc vəziyyətdə qoyur. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası keçirilməsi haqqında xəbəri Ermənistan diplomatik uğur kimi təqdim etməyə çalışsa da, görüş bir neçə saat sonra təxirə salındı, müvafiq xəbər isə qurumun rəsmi saytından silindi. Bu da onu göstərir ki, Ermənistanın məkrli niyyəti KTMT ölkələrinə məlumdur və KTMT bu ölkənin iyrənc oyunlarının iştirakçısı olmaq istəmir .

Artıq bir neçə ölkə, o cümlədən Türkiyə və Ukrayna Ermənistanın bu hücumunu pisləyərək münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduqlarını bildirdilər ki, bu da Ermənistanın öz destruktiv addımları nəticəsində özünü tam diskreditasiya etdiyini, onun aqressor dövlət statusunun heç kimdə sual yaratmadığını göstərir. Azərbaycana beynəlxalq dəstək gəlməkdə davam edir.

Beləliklə, koronavirus pandemiyası səbəbindən onsuz da böyük insan tələfatlarına düçar olan Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlara əl atması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi barədə çıxışları riyakarlıqdan başqa bir şey deyil. Qlobal şəraitdən asılı olmayaraq yerli auditoriyaya istənilən yolla özünü sevdirmək Paşinyan hökumətinin əsas prioriteti olaraq qalmaqdadır.

Regionun üzərində Damoklun qılıncı kimi dayanan genişmiqyaslı hərbi əməliyyatlar hər növbəti gün daha da real təhlükə xarakteri alır. Təhlükənin aradan qaldırılmasının yeganə effektiv üsulu isə hər kəsə məlumdur – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin təmin olunması, işğalçı qoşunların qeyri-şərtsiz və tamamilə Azərbaycanın ərazisindən çıxarılması. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu reallığı qəbul edərək işğalçı Ermənistana eyni çağırışla müraciət etməlidir. Bu gün yenə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tərəfləri atəşkəsə əməl etməyə səsləməsi növbəti mənasız və “dişsiz” bəyanatdan başqa bir şey deyildir və bu bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və işğala son qoyulmasına xidmət etmir. Ona görə də bundan sonrakı hadisələrin bütün məsuliyyəti işqalçı Ermənistanın və onun havadarlarının üzərində qalır.

Milli Məclisin deputatı Azay Quliyev
Azvision.az


Teqlər: Düşmən   Təxribat   Tovuz  





Xəbər lenti