"Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq" - Sahibə Qafarova

   "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq" -    Sahibə Qafarova
  14 İyul 2020    Oxunub:3647
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, Asiya Parlament Assambleyası, Avropa Parlamentinin rəhbərlərinə müraciətlər ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, müraciətlərdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərib:

"Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görmüş və nəticədə Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısını ala bilib. Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirmiş, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə alıb".

Müraciətlərdə vurğulanır ki, Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir.

Milli Məclis sədri Sahibə Qafarova tərəfindən ünvanlanan müraciətlərdə xüsusilə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri öz silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı Ermənistandan tələb edir. Lakin Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyildir.

“Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol verib. Dolayısı ilə, Ermənistan atəşkəs rejimini bu cür davamlı şəkildə pozmaqla göstərir ki, BMT Baş katibinin COVİD-19 ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına dəstək verməsi sadəcə riyakarlıqdır. Buna görə də biz, Azərbaycan Respublikası Milli Məclisi olaraq, Türkdilli Dövlətlərin Parlament Assambleyasından, Parlamentlərarası İttifaqdan, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, Asiya Parlament Assambleyası, Avropa Parlamentinin rəhbərlərindən xahiş edirik ki, Milli Məclisin sədri tərəfindən ünvanlanmış bu müraciət məktubunun bütün üzv dövlətlərə göndərilməsini təmin etsin. Eyni zamanda, təşkilat üzvlərini Ermənistanın təcavüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi bu sonuncu təxribatını qınamağa çağırırıq", - deyə müraciətlərdə qeyd olunur.

Müraciətlərin sonunda Milli Məclis sədri tərəfindən bəyan edilir ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mövqelərinə hücum edilməsi, nəticədə baş verən bu hadisələrə və itkilərə görə məsuliyyəti bütövlükdə Ermənistan Respublikasının rəhbərliyi daşıyır.

Azvision.az


Teqlər: Spiker   Sahibə-Qafarova  





Xəbər lenti