“Belə məlumatlara inanmayın, heç kim evini tərk etmir” - Tovuzun deputatı

  “Belə məlumatlara inanmayın, heç kim evini tərk etmir” -    Tovuzun deputatı
  14 İyul 2020    Oxunub:7157
İşğalçı Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq atəşkəs rejimini pozmaqda davam edir. Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndləri düşmən tərəfindən atəşə tutulub. Azərbaycan Ordusu düşmənə layiqli cavabı verib, onlar geri otuzdurulub.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Tovuzdan seçilən deputatı Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, Ermənistan tərəfinin çoxlu itkiləri var.

"Onlar itkilərini açıqlamasa da, gec-tez üzə çıxacaq. Vətən oğullarımız düşmənə layiqli cavab verərək şəhid olublar. Nur içində yatsınlar. İnsanlar dezinformasiyalara inanmasınlar. Rəsmi məlumatlara inansınlar. Rayon sakinləri evlərindədir, heç kəs evini tərk etmir. İnsanlarımız dövlətə və Silahlı Qüvvələrimizə inanır. İşğalçı Ermənistan təxribatlar törədir və sosial şəbəkələrdə dezinformasiyalar yayır".

Deputat bildirib ki, düşmən Tovuz istiqamətində bir santimetr də torpaq ala bilməyib: "Azərbaycanın müxtəlif bölgələrdən qəhrəman oğul və qızlarımız bura gəlir. Biz Ali Baş komandanın ətrafında birləşmişik və torpaqlarımızı müdafiəyə hamımız hazırıq. Gənclərimiz sosial şəbəkələrdə xarici dillərdə düzgün məlumatlar yaysınlar, dezinfornasiyaların qarşısı alınsın. Diaspor təşkilatları da fəal olmalıdır. Azərbaycan bütün beynəlxalq təşkilatlara müraciət göndərib. ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış etmişik. Ermənistana qarşı sərt açıqlama və təzyiqlər gözləyirik. Çünki işğalçı ölkənin rəhbərliyinə qarşı ATƏT-in Minsk qrupu həmsədrlərinin ciddi addımlar atmaması işğalçı güclərin təxribatlarını bir az da ruhlandırır. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə böyük məsuliyyət düşür. Biz çağırırıq ki, artıq ciddi olsunlar, ikili standartlardan əl çəksinlər. Biz sadəcə onlardan obyektiv, ədalətli münasibət gözləyirik".

Aytən Zəra
Azvision.az


Teqlər: Tovuz   Deputat   Təxribat  





Xəbər lenti