“Düşmən müharibəni yalnız cəbhədə aparmır...” - Naqif Həmzəyev

  15 İyul 2020    Oxunub : 3238
 “Düşmən müharibəni yalnız cəbhədə aparmır...” -  Naqif Həmzəyev
"İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki döyüşlər davam etməkdədir. Ermənistan tərəfinin başlatdığı təxribata cavab olaraq, Azərbaycan Ordusu düşmənin darmadağın edilməsi istiqamətində konkret addımlar atır. Görülən tədbirlər nəticəsində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən artıq itkilərini etiraf etməyə başlayıb".
Bunu Azvision.az -a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına qətiyyətlə cavab verdiyi, xalqın ordumuzu və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi qətiyyətlə dəstəklədikləri bir zamanda bəzi pozucu qüvvələrin Azərbaycan Ordusuna dəstək aksiyasından öz mənafeləri üçün istifadə etməsi hər kəsi məyus etdi.

"Təəssüflər olsun ki, hələ də çirkin niyyətləri üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin istəyini, arzusunu həyata keçirməyə həvəsli olan vətəndaşlara da rast gəlirik. Onlar xalq mitinqinin içərisinə daxil olaraq fərqli davranaraq, təxribatlar törətməyə kökləniblər. Xalq belə radikal ünsürlərin təxribat, pozucu xarakterli əməllərini qətiyyətli şəkildə pisləyir və yaxşı bilir ki, düşmən yalnız müharibəni cəbhədə aparmır, müharibənin bir hissəsini də “əlaltıları”, sapı özümüzdən olan “balta”lar vasitəsilə həyata keçirir. Ermənistan təxribata başladığı andan ölkəmizin aidiyyəti qurumları tərəfindən fasiləsiz rəsmi məlumatlar yayılmağa başladı və bu müddət ərzində informasiyasız qaldığımız 1 saat belə olmadı. Düşmənə vurulmuş zərəri Ermənistan etiraf etmədiyi halda, Azərbaycan Ordusunun sərrast vurduğu hədəflərin videomaterialları da çox qısa bir zamanda ictimaiyyətə təqdim edildi. Bu səbəbdən hər kəs yalnız rəsmi məlumatlara istinad etməli, əsassız məlumatlara inanmamalı, həmçinin bu cür məlumatların yayılmasından çəkinməlidir. Hazırda nəinki Cənubi Qafqazın, eyni zamanda, dünyanın ən güclü ordularından olan Silahlı Qüvvələrimiz tarixi missiyanı uğurla həyata keçirir, hərbi qulluqçularımız üzərlərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər".

N.Həmzəyev qeyd edib ki, bu gün torpaqlarımızın müdafiəsi zamanı ordumuzun generalı, polkovniki və digər yüksək rütbəli zabitləri, öz tabeçiliyində olan hərbi qulluqçu ilə birlikdə qəhrəmancasına çiyin-çiyinə döyüşür, torpaqlarımızı müdafiə edir və şəhidlik mərtəbəsinə yüksəlirlər:

"Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də Silahlı Qüvvələrimiz tərəfindən yerlə-yeksan edilib. Bu gün xalqın bir amalı, arzusu, istəyi var var. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqlarımızın azğın düşmənin qanlı caynaqlarından azad edilməsi. Və Prezidenti İlham Əliyevin birlik və inamdan doğan müdrik siyasətini dəstəkləyən xalqımız tezliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağına tam əmindirlər".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Naqif-Həmzəyev