“Sən kimsən ordumuza göstəriş, məsləhət verirsən?” - Prezident
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.
Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər".
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev