Cənubi Amerika mətbuatı erməni təxribatından yazdı

 Cənubi Amerika mətbuatı erməni təxribatından yazdı
  16 İyul 2020    Oxunub:3360
Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin Cənubi Amerikanın tanınmış Telesur Tv xəbər kanalının saytında “Qafqazda qarşıdurma” adlı məqaləsi verilib.
Azərbaycanın Argentinadakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, məqalədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhdi etdiyi, lakin onların hücumunun qarşısının Azərbaycan Ordusu tərəfindən alındığı, təxribat nəticəsində hər iki tərəfdən itkilərin olduğu qeyd edilib. Hücum aktının Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək 1992-ci ildən Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlamaqla təcavüzkar davranış sərgiləyən Ermənistanın 2016-cı ildə Azərbaycanın mülki yaşayış zonalarına zərər vurmasından bəri ən ağır insident olduğu vurğulanıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin Baş katibinin və Rusiya hökumətinin baş verənlərə görə öz narahatlığını və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu bəyan etdiyini qeyd edən müəllif, xüsusilə Türkiyə tərəfindən Azərbaycana tam dəstək ifadə olunduğunu bildirib.

Ermənistanın bu təxribatı törətməklə diqqəti ölkə daxilindəki ağır sosial-iqtisadi durum və COVID-19 pandemiyası ilə əlaqəli acınacaqlı vəziyyətdən yayındırmaq məqsədi güddüyünü qeyd edən müəllif, həmçinin Ermənistanın üçüncü ölkələri Ermənistan və Azərbaycan arasında 30 ildən çoxdur davam edən münaqişəyə cəlb etməyə cəhd etdiyinə diqqət çəkib.

Münaqişənin həlli üçün əsas beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan ibarət çox möhkəm bir hüquqi bazanın mövcud olduğu, bu mənada Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqlədiyi və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsizlik şəraitdə və ləyaqətli qayıtmasını tələb etdiyi bildirilib.



Çilinin geniş oxucu kütləsinə malik www.infogate.cl xəbər portalında “Dağlıq Qarabağ münaqişəsi: Azərbaycanın tarixi hüquqları üzərində qanayan yara” başlıqlı məqalədə Azərbaycanın müstəqillik tarixi və Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri barədə geniş məlumat verilib. Məqalədə BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi analiz edilərək Ermənistanın Azərbaycan ərazilərini işğal faktına və qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarına diqqət çəkilərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində aydın şəkildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın zəbt edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarmasının olunduğu, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə görə legitim özünümüdafiə hüququna sahib olduğu qeyd edilir.

Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında indiyədək aparılan danışıqlarda əsas prinsipin, o cümlədən Madrid prinsipinin ilkin şərtinin Ermənistanın işğalçı qoşunlarını işğal etdikləri ərazilərdən çıxarması olduğu vurğulanır.

Bildirilir ki, Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmaqdan imtina etdiyi üçün münaqişənin həlli çətinləşir. Vəziyyətin gərginləşməsinə, hərbi və mülki şəxslərin həlakına olmasına səbəb olan Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatın bir daha işğalçı ölkənin güc tətbiqi və Dağlıq Qarabağı ilhaq etməklə münaqişəni həll etmək niyyətini nümayiş etdirir. Lakin bu münaqişənin yeganə məqbul olan həll yolunun işğal edilmiş Dağlıq Qarabağın müzakirəsiz və qəti olaraq Azərbaycanın suverenliyinə qaytarmaqla mümkün olacağı vurğulanır.

Bununla yanaşı, Paraqvayın www.primerahora.com.py xəbər portalında “Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü” və www.paraguayinfo.com xəbər portalında “Ermənistan Azərbaycana itkilərlə müşayiət olunan hücum etmişdir” adlı məqalələr dərc edilib. Məqalələrdə Ermənistanın bu hərbi təcavüzü və atəşkəs rejiminin pozulmasını Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə insanlığın üzləşdiyi COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal həmrəylik və çoxtərəfli əməkdaşlıq çağırışları etdiyi bir vaxta həyata keçirildiyi bildirilir. Eləcə də hərbi təhlillərin hücumun məhz Ermənistan silahlı qüvvələri tərəfindən və məqsədli şəkildə başlandığını göstərdiyini və bu təxribat xarakterli hücumun təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğu vurğulanır. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistanın münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək niyyətinin gərginliyin artması məqsədinə xidmət etdiyi diqqətə çatdırılır. Məqalələrdə sərhəd boyunca baş verən son təxribatın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində Ermənistanın maraqlı olmadığını bir daha nümayiş etdirdiyi və vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyü bildirilir.

Azvision.az


Teqlər: Ermənistan   Təxribat   Amerika   Mətbuat  





Xəbər lenti