Ermənistanın hərbi təxribatları ilə bağlı vətəndaşlara çağırış

Ermənistanın hərbi təxribatları ilə bağlı vətəndaşlara çağırış
  22 İyul 2020    Oxunub:3403
İyulun 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) onlayn tədbir keçirilib. Tədbirdə Komitənin adından Azərbaycan qadınlarının xalqa müraciəti səsləndirilib.
Azvision.az xəbər verir ki, Komitə sədri Bahar Muradova Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlardan danışıb. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü illərdir ki, davam edir. Düşmənin iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətməsi işğalçı ölkənin təcavüzkarlığının növbəti təzahürüdür. Ermənistan Cenevrə Konvensiyasının qaydalarını növbəti dəfə kobud şəkildə pozub. Düşmən bu hərəkəti ilə özünü beynəlxalq aləmdə daha da gözdən salıb. Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildirən sədr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları ilə bağlı xalqımıza müraciətini xüsusi qeyd edib və Dövlət Komitəsinin də bu çağırışa qoşulduğunu bildirib: "Bu gün biz hamımız birlik nümayiş etdirməliyik. Sayıq olmalı, təxribata uymamalı, dezinformasiyaların yayılmasına imkan verməməliyik. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Milli birliyimiz, vahid mövqeyimiz olmalıdır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, hamı vahid mövqedən çıxış edərək, hücum diplomatiyasında fəal iştirak etməlidir”.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan xalqı çətin günlərdə birlik nümayiş etdirdi. Biz bunu hər yerdə gördük. Xalqımız Ali Baş Komandana inandığını, güvəndiyini bu çətin günlərdə bir daha göstərdi. Azərbaycan dövlətinin və xalqının vəhdəti bölünməzdir. Faşist ideologiyası ilə yaşayan və siyasət yürüdən Ermənistan beynəlxalq aləmdə ictimai qınaq obyektinə çevrilib. Biz qalib gələcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik.

Azərbaycan Respublikasının keçmiş Ombudsmanı Elmira Süleymanova çıxış edərək Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktını pisləyib. Bildirib ki, işğalçı ölkə dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda ölkəmizə qarşı təcavüzə davam edir. Mülki əhalini atəşə tutur və nəticədə günahsız insanlar həyatlarının itirirlər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar heç bir çərçivəyə sığmır. 26 ildir ki, atəşkəs elan olunmasına baxmayaraq, təcavüzkar Ermənistan mütəmadi olaraq atəşkəsi pozmaqla beynəlxalq hüquq normalarını pozur, vandalizm aktını davam etdirir. Mülki əhalinin, uşaqların, qadınların həyatına son qoyur. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin layiqli cavabını verdi. Düşmən gücümüzü gördü. Biz düşmənlə mübarizədə şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə, müharibə əlillərinə dəstək və qayğılarını əsirgəmirlər.

Hicran Hüseynova qeyd edib ki, Azərbaycan anaları müharibə istəmir. Amma burada söhbət bizim torpaqlarımızdan gedir. Hər birimiz səfərbər olmalı, bacardığımız qədər hücum diplomatiyasında fəal iştirak etməliyik. Haqq səsimizi dünyaya çatdırmalı, informasiya müharibəsində də gücümüzü göstərməliyik.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, düşmənin hərbi təxribatı və ona verilən layiqli cavab Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Hamı bir nəfər kimi dövlətin, ordumuzun yanında olduğunu sübut etdi. Biz hamımız bundan sonra bir olmalı, işğalçı ölkənin təxribatlarına layiqli cavab vermək üçün bütün cəbhələrdə hücum diplomatiyası aparmalıyıq. Deputat iyulun 15-də Azərbaycan gənclərinin Ali Baş Komandana dəstək nümayiş etdirmələrindən qürur duyduğunu deyib. Amma həmrəylik aksiyasının sonunda baş verənlərdən təəssüfləndiyini dilə gətirib. M.İbrahimqızı daxildə və xaricdə müstəqilliyimizi istəməyən qüvvələrdən də danışıb və onlara qarşı barışmaz mövqe tutmağa çağırıb.

Milli Məclisin deputatı Jalə Əliyeva, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva və başqaları Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribat aktını pisləyərək hər bir Azərbaycan vətəndaşını dövlətimizin ətrafında daha sıx birləşməyə çağırıblar. Bildiriblər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi ayıq-sayıq olmalı, düşmənlərimizə qarşı hər cəbhədə mübarizə aparmağa davam etməliyik.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti