Azay Quliyev Berlin TV-də həmsədrləri ittiham etdi - VİDEO

  22 İyul 2020    Oxunub : 5257
 Azay Quliyev Berlin TV-də həmsədrləri ittiham etdi -   VİDEO
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Berlin TV-yə verdiyi müsahibədə Ermənistanın Tovuz təxribatına görə ATƏT-in Minsk qrupunun həmsədrlərini ittiham edib.
Berlin TV-nin jurnalisti xanım Rakua Kraufordun Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrlə bağlı hazırladığı reportaj - müsahibə alman və ingilis dillərində
yayımlanıb.

Müsahibəni təqdim edirik:

Rakua Krauford: - Nəyə görə bu eskalasiya məhz Azərbaycan ilə Ermənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində başladı? Əsas səbəblər nələrdir?



Azay Quliyev: Bildiyiniz kimi, 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz bölgəsinə, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhəddinə, həm hərbi, həm də mülki obyektləri atəşə tutaraq təxribatçı hücum etdi. Bu hərbi təcavüz nəticəsində 12 hərbçi və 1 mülki şəxs öldürüldü. Bundan əlavə, mülki şəxslərin əmlakına ciddi ziyan dəydi.

Düşünürəm ki, bu hərbi təxribatların arxasında duran bir çox səbəb var. Bəzilərini vurğulaya bilərəm.

Əvvəla, Ermənistan hər cür vasitədən istifadə edərək sülh danışıqlarına mane olmağa və yeni münaqişə ocağı yaratmağa çalışaraq status-kvonu qorumaq üçün vəziyyəti daha da mürəkkəb etməyə cəhd edir. Çünki münaqişə zonası olan işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən yüzlərlə kilometr uzaqlıqda yerləşən Tovuz bölgəsinə hücum üçün heç bir əsaslı səbəb tapmaq mümkün deyil.

İkincisi, Ermənistan bu təxrinatı törətməklə açıq şəkildə qitələrarası təbii qaz və neft boru kəmərləri və digər strateji iqtisadi infrastrukturları təhdid etmək məqsədi güdürdü.

Məlumatınız üçün bildirmək istərdim ki, çoxsaylı strateji enerji və nəqliyyat xətləri, o cümlədən Asiya və Avropanı birləşdirən və “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanı alternativ enerji ilə təmin edən TAP və TANAP boru kəmərlərinə təbii qaz nəql edən Azərbaycanın Cənubi Qafqaz Boru Kəməri Ermənistanın hücumuna məruz qalan Tovuz bölgəsindən keçir. İndi aydın olur ki,
Ermənistanın və onun tərəfdarlarının məhz Tovuz bölgəsini hədəfə almasının məqsədi bölgəyə və oradakı strateji yüksəkliklərə nəzarəti ələ keçirmək və beləliklə, bu regiondan keçən nəqliyyat və enerji dəhlizlərinin funksiyanallığına təhdid yaratmaq idi.

Ermənistan bu əsassız hərbi əməliyyatları başlatmaqla həm də Rusiya Federasiyasının aparıcı qüvvə olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə cəlb etmək istədi. Bu təşkilatın rasional yanaşması sayəsində Ermənistan müttəfiqləri tərəfindən heç bir dəstək tapmadı.



Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan Ermənistandakı dərin sosial-iqtisadi və siyasi böhran səbəbindən çox çətin günlərini yaşayır. Ermənistandakı inqilabi diktaturanın verdiyi vədlərin heç biri gerçəkləşmədi və xalq indiki hakimiyyətdən çox narazıdır. Yaratdıqları diktatura rejimini xilas etmək üçün Paşinyan hökuməti, siyasi rəqiblərinə və parlament üzvlərinə qarşı Konstitusiyaya zidd və repressiv üsullar tətbiq edir, qanunsuz cinayət təqibləri və kütləvi həbslər həyata keçirərək dövlət hakimiyyətinin hər 3 qolunu uzurpasiya edib, yəni mənimsəyib.

Buna görə də, Paşinyanın Ermənistan xalqının diqqətinin ciddi daxili problemlərdən yayındırmaq üçünvə bu hərbi əməliyyatları başladaraq insanları "xarici düşmənə qarşı" mübarizə ətrafında birləşdirməyə çalışması ehtimalını kifayət qədər real hesab edirəm.
Bundan başqa, Ermənistan bu təxribatla Azərbaycanın BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş və yaxın zamanlarda işə başlayacaq xüsusi sessiyasının çağırılmasına dair təşəbbüsünü açıq-aşkar şəkildə sarsıtmaq məqsədini güdürdü.

Bildiyiniz kimi, BMT Baş Assambleyası, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı kollektiv tədbirlərin həyata keçirilməsi imkanlarını müzakirə etmək üçün xüsusi sessiya keçirmək qərarına gəldi ki, bu təşəbbüs Ermənistan istisna olmaqla 130-dan çox ölkənin dəstəyini qazanıb.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 pandemiyası ilə əlaqədar qlobal atəşkəs çağırışını dəstəkləyən bəyanatları siyasi riyakarlıqdan başqa bir şey deyil.

Rakua Krauford: - Ermənistan-Azərbaycan münaqişəsi nəyə görə hələ də həll olunmayıb? ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin uğursuz olmasının əsas səbəbləri nələrdir?

Azay Quliyev: - Açıq deyəcəm, birinci səbəb Ermənistanın indiyə kimi cəzasız qalmasıdır. Hamıya məlumdur ki, Ermənistan beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınıb. BMT TŞ-nin erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq bu ölkə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT TŞ-nin qətnamələri hüquqi baxımdan məcburidir və onların icrası hər bir dövlətin öhdəliyidir, amma Ermənistan 27 ildir ki, bu 4 qətnamənin tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb olunmayıb. Beynəlxalq təcrübəyə və BMT Nizamnaməsinin müvafiq müddəalarına görə, hər hansı bir üzv ölkə TŞ-nin qətnamələrinə hörmət etmirsə, bu ölkə mütləq məsuliyyət daşımalıdır.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin aşkar uğursuzluğunun səbəblərinə gəldikdə isə, yuxarıda qeyd etdiyim kimi, həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qətnamələrin icrasını təmin etməyiblər. Hansı ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü kimi onlar bu qətnamələrin qəbuluna səs veriblər və ona görə də bu qətnamələrin icrasını təmin etməliydilər. Cəmiyyətimiz hələ də ATƏT-in Minsk Qrupu həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərini gözləyir. Təəssüf ki, biz bunu görmürük. Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir ki, işğalçı ölkə dəqiq mesaj verilmiş olsun. Bunu etməklə Minsk qrupu Ermənistana açıq mesaj göndərər ki, beynəlxalq ictimaiyyət bu ölkənin işğalçılıq və təcavüzkar siyasəti ilə barışmaq fikri yoxdur.
Açığı deyim ki, Azərbaycan cəmiyyətinə ATƏT-in Minsk qrupuna qarşı bir qəzəb və məyusluq hissi var.

Məncə son eskalasiya beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının nəinki yolverilməz, həm də çox təhlükəli olduğunu xatırlatmalıdır. Vasitəçilər münaqişənin beynəlxalq hüquq prinsip və normaları əsasında tezliklə həllinə nail olmalıdır. Hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına alternativ yoxdur. Bu məsələ müzakirə oluna bilməz. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və 7 ətraf rayonu zorla tərk etməli olmuş bir milyondan çox məcburi köçkün ləyaqətli şəkildə öz doğma yerlərinə qayıtmalıdır.

Rakua Krauford: - Bölgənizdə sülh və əmin-amanlığın təmin olunmasında Almaniya hansı rolu oynaya bilər?

Azay Quliyev: - Almaniya Minsk Qrupunun daimi üzvləri arasındadır və danışıqları çətin vəziyyətdən çıxartmaq potensialına sahibdir. Mən hər zaman Almaniyanın Minks Qrupunun həmsədliyinə gətirilməsinin tərəfdarı olmuşam və indi də o fikirdəyəm. Almaniya beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanaraq münaqişənin həlli üçün müəyyən işlər görə və danışıqları “ölü nöqtədən” tərpədə bilər. Müəyyən gərginliyə baxmayaraq Almaniya Rusiya, ABŞ və Fransa yaxşı münasibətdədir və bundan istifadə edərək münaqişənin həllinə töhfə verə və həmsədrlik institutunu daha effektiv edə bilər. Almaniya və Fransa Avropa İttifaqının aparıcı qüvvəsidir və Avropa İttifaqının da regionda böyük marağı var. Almaniya dünyada obyektiv və prinsipial mövqeyə malik ölkə olaraq münaqişənin həlli naminə substantiv danışıqların aparılması məqsədilə Ermənistanı danışıqlar masasına gətirmək üçün əlindən gələni etməlidir.

Azvision.az

Teqlər: Azay-Quliyev