KİV nümayəndələri Prezidentə təşəkkür etdilər

KİV nümayəndələri Prezidentə təşəkkür etdilər
  29 İyul 2020    Oxunub:2910
KİV nümayəndələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezident saytına istinadla məktubların bir neçəsini təqdim edir.

“Xəzər” Televiziyasının Baş direktoru Murad Dadaşov: “Möhtərəm cənab Prezident. Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə, Milli Televiziya və Radio Şurasına göstərdiyiniz maddi və mənəvi dəstək hər birimizi ürəkdən sevindirdi. Dünyanın pandemiya ilə mübarizə apardığı çətin bir vaxtda Milli Mətbuat və Jurnalistika gününün ən yüksək səviyyədə qeyd olunmasının, bizə göstərilən qayğı və diqqətin çox dərin kökləri var. Hələ 1998-ci il avqustun 6-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Sərəncamla mətbuat üzərindən senzuranın götürülməsi, 1999-cu ildə KİV haqqında Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu, Sizin 2008-ci il 31 iyul tarixli Sərəncamınızla “KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi vacib sənədin qəbul olunması dövlətimiz tərəfindən azad sözə, həqiqətə, ədalətə verilən qiymətdir. Hörmətli cənab Prezident, mükafata - “ Tərəqqi” medalına layiq gördüyünüz jurnalistlər arasında rəhbəri olduğum “Xəzər” Televiziyasının da 4 əməkdaşı var. Bu yüksək qiymət məni və kollektivimizi sevindirməyə bilməz. Bu dəyərə, bu diqqətə görə şəxsən öz adımdan və “Xəzər” Televiziyası ailəsi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha bildirmək istəyirəm ki, biz KİV nümayəndələri olaraq hər bir məqamda Sizin siyasətinizi dəstəkləyirik, dövlətimizin yanındayıq”.

“Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov: “Hörmətli cənab Prezident. Sizin və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanda medianın inkişafına dövlət səviyyəsində göstərdiyiniz qayğı və diqqət bu sahənin müasir standartlara uyğun inkişafını stimullaşdırmaqla yanaşı, jurnalist peşəsinin nüfuzunun artmasına xidmət edir. Müstəqillik dövründə mətbuatımız sözün əsl mənasında önəmli keyfiyyət transformasiyasından keçib, beynəlxalq inteqrasiyaya istiqamətlənib və bu gün nüfuzlu informasiya kommunikasiya resursları ilə bir sırada dayanmaq üçün ciddi səylər göstərir. Milli mətbuatımızın 145 illiyi münasibətilə media nümayəndələri mükafatlandırıldı, onların məsuliyyət, dəqiqlik, qərəzsizlik, vətənpərvərlik tələb edən fəaliyyəti yüksək qiymətləndirildi. Azərbaycan mətbuatında sözü, qələmi ilə tanınan media işçiləri orden və medallarla təltif edildilər, fəxri diplomlara, fəxri adlara və fərdi təqaüdlərə layiq görüldülər. Mənim üçün çox şərəfli və qürurvericidir ki, həmkarlarım arasında mənim də adım yer alıb. Özümün və rəhbərlik etdiyim böyük media ailəsinin adından Sizə, cənab Prezident, bu diqqətinizə görə dərin minnətdarlığımı ifadə edir və bildirirəm ki, bundan sonra da Vətənimizin rifahı, parlaq gələcəyi naminə qarşımıza qoyulan məqsəd və istiqamətlərdə fəaliyyətimizi əzmlə davam etdirəcək, daim Azərbaycanın haqq səsi, Sizin sadiq söz silahdaşınız olacağıq”.

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov: “Hörmətli cənab Prezident. Sizin dövlətçilik fəaliyyətinizin təhlili göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl inkişaf konsepsiyası uğurla həyata keçirilir. Siz yüksək liderlik keyfiyyətləriniz, siyasi prosesləri yönəltmək məharətiniz, taleyüklü, strateji əhəmiyyətli qlobal proqram və layihələr sayəsində Azərbaycanı sabit iqtisadiyyata malik, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyi, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək arzularımızı reallaşdıraraq, xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız. Möhtərəm cənab Prezident, müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn Heydər Əliyev siyasəti bu gün Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilir. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd olunması haqqında” 2020-ci il 30 iyun tarixli sərəncamınız obyektivlik, kreativlik, rasionallıq, operativlik kimi faktorları yaradıcılığın başlıca meyarları kimi dəyərləndirən jurnalistlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Zati-aliləri, iyulun 22-də imzaladığınız Sərəncama uyğun olaraq kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir qrupunu orden və medallarla, fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə, fərdi təqaüdə layiq gördüyünüzə, mətbuata əlavə maliyyə yardımı ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Möhtərəm cənab Prezident, “Xalq qəzeti”nin kollektivi Sizin rəhbərliyinizlə görülən işləri, qazanılan böyük uğurları işıqlandırmaqdan qürur hissi keçirir, şərəf duyur”.

“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Möhtərəm cənab Prezident. Ümummilli liderimiz Heydər Əliyevin siyası kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmaqla yanaşı, həm də qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid sərəncamlarınız və verdiyiniz mühüm qərarlar mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapdı. Xüsusilə, dünyanı cənginə alan COVID-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda, Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatdı. Müstəqil mətbuatımızın və ulu öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də, dövlətçilik ənənələrimizin ilk carçılarından olan “SƏS” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc bəxş etdi. Əməyimizə verdiyiniz yüksək qiymətə görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “SƏS" qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: “Hörmətli cənab Prezident. Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü münasibətilə imzaladığınız Sərəncama əsasən, bir qrup vətənpərvər qələm əhlinə müxtəlif mükafatlar, fəxri adlar verilib. Çox xoşdur ki, bu sırada mənim də adım var, Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" adına layiq görülmüşəm. Sizin qayğınızla əhatə olunan Azərbaycan mətbuatının bir nümayəndəsi olaraq qeyd edim ki, son 15 il ərzində rəhbərlik etdiyim "Şərq" qəzetinin 4 əməkdaşı müxtəlif dövlət təltifi ilə mükafatlandırılıb, 5 əməkdaşı evlə təmin olunub. Hazırda "Şərq" qəzeti gündəlik nəşrini bərpa edib, rəngli formatda işıq üzü görür. Cənab Prezident, mətbuatın cəmiyyətdə əhəmiyyətli rolunu hər zaman diqqətdə saxladığınıza, peşə fəaliyyətimizi dəyərləndirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Apardığınız ardıcıl, dinamik siyasətin nəticələri media sektorunda öz bəhrəsini verir, Həsən bəy Zərdabi ənənələrinə söykənən milli jurnalistika sistemimiz növbəti inkişaf mərhələsini yaşayır. Sizin qətiyyətiniz, iradəniz və məqsədyönlü siyasətiniz nəticəsində düşmənə aman verməyən yenilməz Azərbaycan Milli Ordusu kimi, bu gün güclü söz, mətbuat, jurnalist ordusu da formalaşıb. Bu möhtəşəm ordu Azərbaycan dövlətinin yanındadır. Əməyimə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə, sağ olun, cənab Prezident”.

“Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev: “Möhtərəm cənab Prezident. Məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Mətbuatda 40 illik fəaliyyətimə verdiyiniz bu yüksək dəyər məni sevindirir, qürurlandırır. Biz ölkəmizin ən yeni tarixinin canlı şahidləriyik, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı illərdə ağır sınaqlardan keçmişik. Yalnız ulu öndər Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dövlətimiz həqiqi müstəqilliyə, xalqımız əmin-amanlığa qovuşub. Bütün sahələrdə, o cümlədən mətbuatın inkişafında yeni mərhələ başlanıb, jurnalist peşəsinin nüfuzu yüksəlib. Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün ölkəmizdə yaradılmış şəraitdə hər bir istedadlı jurnalistin xalq və dövlət maraqlarına xidmət etməklə peşə uğurları qazanmaq imkanı var. Cənab Prezident, mən Ağdamdan Bakıya – rayon qəzetindən böyük mətbuata adi jurnalist kimi gəlmişdim. Sizin siyasətiniz və sərkərdəliyinizlə işğaldan azad ediləcək doğma yurda bu peşənin ən yüksək titulu ilə qayıdacağam. Bu qayıdışın tezliklə gerçəkləşməsi üçün hər bir əmrinizə hazıram və Sizə bir daha təşəkkür edirəm”.

Real Televiziyası Baş direktorunun layihələr üzrə müavini Samirə Səfərəliyeva: “Möhtərəm cənab Prezident. Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə məni “Tərəqqi” medalına layiq görməyinizdən son dərəcə qürur hissi keçirirəm. Sizin mətbuata xüsusi diqqət və qayğınız sayəsində bu gün ölkəmizdə kütləvi informasiya vasitələri inkişaf edir, müasir dünyanın tələbləri ilə uyğunlaşmağa çalışır. Bu ənənələr Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, elə ali məktəbdə oxuduğum zaman diplom-buraxılış işim də məhz Ümummilli Liderimizlə bağlı olub. Bu gün Sizin sayənizdə yaranan xalq-hakimiyyət birliyi bütün çətinlikləri inamla arxada qoyur, bizim parlaq gələcəyimizi və firavanlığımızı təmin edir. Amma biz jurnalistlərin də üzərinə düşən vəzifə Vətənimizi, dövlətimizi qorumaq, Sizin müdrik rəhbərliyinizlə qələbələrə doğru addımlamaqdır. Şəxsən mən uzun illər Azərbaycan mediasında çalışan bir jurnalist kimi, bunu dərk edirəm və daim Prezidentimizin yanındayam”.

“Trend” İnformasiya Agentliyinin mədəniyyət şöbəsinin direktoru Vüqar İmanov: “Hörmətli cənab Prezident. Milli mətbuatımızın 145 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməyim 20 illik jurnalistlik fəaliyyətimdə mənim üçün ən ali mükafat, KİV-lərin inkişafına, milli mədəniyyətimizin və digər sahələrin ölkəmizdə və beynəlxalq səviyyədə təbliğatına cüzi töhfəmə verilən yüksək qiymətdir.

Buna görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və ölkəmizin rifahı naminə bundan sonrakı peşəkar fəaliyyətim üçün stimuldur. Siz Prezident, Ali Baş Komandan və dünya azərbaycanlılarının lideri kimi vətənpərvərlik və yüksək mənəvi-əxlaqi dəyərlər, Vətənə hədsiz sevgi nümunəsi göstərirsiniz. Bu hər birimiz üçün vətəndaşlıq nümunəsidir. Biz jurnalistlər Sizin köməkçiləriniz olaraq bundan sonra da doğma Azərbaycanın inkişafı və firavanlaşması işinə töhfə verəcəyik”.

Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayanlar sırasında “Xəzər FM” radiosunun direktoru Denis Mayorov, jurnalistlər Şərif Ağayarov, İsmayıl İsmayılbəyli və başqaları da var.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə imzaladığı sərəncamlara əsasən 3 nəfər Prezidentin fərdi təqaüdünə, 2 nəfər Əməkdar mədəniyyət işçisi, 38 nəfər Əməkdar jurnalist fəxri adlarına layiq görülüb. Bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Dostluq” ordeni, 67 nəfər “Tərəqqi” medalı, 22 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   KİV   Təşəkkür  





Xəbər lenti