“Türkiyədən bu cür aşkar və genişmiqyaslı dəstəyi çoxdan gözləyirdik” - Politoloq

   “Türkiyədən bu cür aşkar və genişmiqyaslı dəstəyi çoxdan gözləyirdik” -    Politoloq
  29 İyul 2020    Oxunub:4135
Məlum olduğu kimi, iyulun 12-də Ermənistan hərbi bölmələri lokal döyüşlərə səbəb olan ciddi təxribatlar törətdilər. Bu təxribatlar zamanı işğalçı ölkənin ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhdlər etsə də, ağır itkirlərlə geri çəkilməyə məcbur oldu.
Məlum hadisələr zamanı - iyul döyüşləri və sonrakı günlərdə ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan ordusuna, dövlətinə dəstək askiyaları keçirdilər, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlarla yürüşlər təşkil etdilər. Bu proseslərdə, Ermənistanın ölkəmizə qarşı əvvəlcədən planladığı təxribatlara cavab olaraq Azərbaycanın həm hərbi, həm də siyasi fəallığına ilk dəstək qardaş Türkiyə dövlətindən, türk diplomat və diasporlarından gəldi. Bu dəstək bu günə kimi də davam edir. Təsadüfi deyil ki, hazırda Türkiyə-Azərbaycan birgə təlimləri keçirilir, ardıcıl olaraq bu ölkədən Azərbaycana hər cür dəstək veriləcəyinə dair rəsmi bəyanatlar gəlir.



Regionda baş verən, dünyanın da diqqətlə izlədiyi son hadisələrin fonunda rəsmi Ankaranın mövqeyini Azvision.az -a şərh edən politoloq Fikrət Sadıqov qardaş ölkənin Azərbaycana verdiyi ardıcıl dəstəyini müsbət qiymətləndirib. O bildirib ki, daim Azərbaycanın yanında olduğunu göstərən Türkiyə üçün hazırda prioritet məsələ ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Birgə hərbi təlimlər isə güc nümayişi sayıla bilər:

“Türkiyə həmişə bəyan edib ki, Azərbaycanın ən ağır günlərində yanında olacaq. Son hadisələr zamanı da bu ölkə öz dediyinə əməl etdi, sözlərinin üstündə durdular. O mənada öz dedikləri sözün üstündə durdular ki, faktiki olaraq onlar bizə olan təhdidlərin fonunda aşkar güc nümayiş etdirdilər. Birgə hərbi təlimlərlə güc nümayiş etdirilməsi ona işarə edir ki, Türkiyə həmişə Azərbaycanı müdafiə etməyə hazırdır. Bu addım bir daha göstərdi ki, Türkiyə ölkəmizə qarşı olan istənilən təxribatların və digər dövlətlərin Azərbaycan ərazilərinə göz dikməyinin, ərazi bütövlüyümüzü pozmağa çalışmasının kəskin şəkildə qarşısını ala bilər”.

Politoloq deyib ki, Azərbaycana qarşı hansısa yeni torpaq iddiası və ya ciddi təxribatlar olacağı təqdirdə Türkiyə dərhal buna reaksiya verəcək, lazım olacağı təqdirdə hərbi dəstəyi ilə Azərbaycan ordusunun yanında olacaq. Rəsmilərdən gələn son günlərin siyasi bəyanat və hərbi təlimləri də bunlara işarədir: “Əlbəttə, biz bu cür aşkar və genişmiqyaslı dəstəyi çoxdan gözləyirdik. Hətta vaxtilə belə bir söhbət gəzirdi ki, Türkiyə Azərbaycanda, konkret olaraq Naxçıvanda hərbi bazasını aça bilər. Düzdür, bu məsələ qəliz mövzudur. Amma hər halda bugünkü hadisələr bir daha onu göstərdi ki, Türkiyə aparıcı ölkələrin təxribat hadisələrinə, məlum proseslərə seyrçi mövqeyindən artıq cana gəlib. Türkiyə də bizim kimi müşahidə edir ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm dünyanın aparıcı ölkələri, həm də BMT və digər nüfuzlu təşkilatlar faktiki olaraq işğal faktoruna susur, təxribatlara göz yumur. Belə bir vəziyyətdə əlbəttə ki, Türkiyənin ölkəmizin maraqlarının müdafiəsinə qalxması və bu cür güc nümayiş etdirməsi, Azərbaycan ordusu ilə birgə təlimlərin təşkili tam olaraq bizim və rəsmi Ankaranın maraqlarına cavab verir və eyni zamanda bu addım regionda stabilliyin və sülhün qarantı sayıla bilər”.



Fikrət Sadıqov onu da bildirib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılması, telefon danışığında bu məsələnin xüsusi olaraq qabardılması böyük dövlətlərin yaxın gələcəkdə münaqişənin həlli istiqamətində maraqlı olmalarından xəbər verir:

“Təbii ki, bu telefon danışığı sıradan bir siyasi müzakirə deyildi. Bir daha qeyd edirəm ki, uzun illərdir işğal faktoruna qarşı dünyanın aparıcı ölkələrinin seyrçi mövqe sərgiləməsi yalnız bizi deyil, Türkiyəni də çox narahat edirdi. Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putinlə olan telefon danışığı təsadüfdən baş vermədi. Zənnimcə, Türkiyənin dövlət başçısı Rusiya rəhbərinə konkret şəkildə bəyan edib ki, onlar heç vaxt Azərbaycanın maraqlarına zidd olan hərəkətləri qəbul etməyəcəklər və rəsmi Bakının yanında olacaqlar. Bu, birmənalı şəkildə belə olacaq. Rəsmi Moskva da bu məsələ ətrafında düşünüb müəyyən nəticələr çıxarmalıdır. Problemin həllində Türkiyə üçün Azərbaycanın ərazi bütövlüyü prioritet məsələdir. Bu, bir reallıqdır. Ona görə də belə yüksək səviyyəli telefon danışıqlarının Dağlıq Qarabağ məsələsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması konteksində əhəmiyyəti kifayət qədər yüksəkdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Dəstək  





Xəbər lenti