“Qarabağ məhbusları” adı altında siyasi şantaj - ŞƏRH

  30 İyul 2020    Oxunub : 2476
  “Qarabağ məhbusları” adı altında siyasi şantaj -    ŞƏRH
“Təxribat törədən vətəndaşla onu dəstəkləyən siyasi iradənin, Əli Kərimli və digər radikalların heç bir fərqi yoxdur”
İyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş bir qrup təxribatçı və radikalın cinayət əməlləri ilə də yadda qaldı. Milli birliyimizi nümayiş etdirən aksiyanın məcrasını dəyişməyə çalışanlar həbs edildikdən sonra onların arasında radikal müxalifət nümayəndələrinin olması əslində təəccüb doğurmadı. Hazırda həmin təxribatçılar qanun qarşısında cavab verirlər. Amma görünən odur ki, radikal müxalifət, xüsusən də Milli Şura, AXCP və onun rəhbəri Əli Kərimli bu cinayət hadisələrini törədənlərin həbsini siyasiləşdirməyə çalışır, hətta təxribatçılara öz aləmlərində “Qarabağ məhbusları” adı qoyurlar.

Əli Kərimli bir qədər də uzağa gedərək bəyanat verib ki, orduya dəstək yürüşünü siyasi mitinqə, iğtişaşlara çevirməyə çalışan və hazırda həbs edilən şəxslər azad edilsə, o istefa verə bilər.

Maraqlıdır, Milli Məclisin binasında barbarlıq edib polis avtomobilini çevirən şəxslərə azadlıq istəyən və burada Qarabağın adından sui-istifadə edən partiya sədri niyə qanunun deyil, cinayətkarın yanında durub istefa verməyə hazır olduğunu deyir?



Radikal müxalifətin son davranışlarını Azvision.az -a şərh edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, məlum təxribatlar və onları müdafiəyə hesablanmış bəyanatlar təsadüfdən yaranmadı. Bütün bu proseslər xalq-dövlət birliyi, həmrəyliyinə yönəlmiş məqsədli bir addım idi:

“Azərbaycan xalqının öz ordusu və Ali Baş Komandanını dəstəkləmək məqsədilə keçirdiyi yürüş zamanı birlik və bərabərlik nümayiş etdirməsi əslində düşmənə milli gücümüzün göstərilməsi idi. Bu, həm də Qarabağ uğrunda Azərbaycan xalqının səfərbər olması idi. Yürüş xalqımızın torpaqlarımızı azad etmək əzmini bir daha göstərdi. Təəssüflər olsun ki, həmin həmrəylik yürüşündə müəyyən bir radikal qrupun xüsusi qorunan və xüsusi statuslu dövlət binasına hücum etməsi və içəri daxil olaraq orada təxribatlar, cinayət əməlləri törətməsi bu birliyə, həmrəyliyə, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı mübarizəyə vurulan zərbə idi. Bu təxribatçıların qanun qarşısında cavab verməsini təmin edilməsinə mane törətmək istəyənlər yenə də Azərbaycan xalqının Qarabağ mübarizəsinə, işğal olunmuş torpaqlarımız uğrunda savaş ruhuna zərbə vurmaq istəyənlərdir. Bu, əsl siyasi şantaj və siyasi təxribatdır”.



Millət vəkili deyib ki, mitinqdə Milli Məclisin binasına daxil olub, qanun pozuntularına yol verən şəxs qanun qarşısında nə qədər cavabdehlik və məsuliyyət daşıyırsa, bu gün həmin təxribatçıları müdafiə edən radikallar da bir o qədər qanun qarşısında mənəvi məsuliyyət daşıyır: “Çünki verdikləri bəyanatla cinayəti təşviq edirlər. Onlar dövlətə qarşı zor tətbiq etməni təşviq edirlər. Ona görə mənəvi məsuliyyət daşıyırlar ki, erməni dəyirmanına su tökməklə Azərbaycan xalqının birliyinə, həmrəyliyinə kölgə salmaq istəyirlər. Bu səbəbdən düşünürəm ki, qanunları pozaraq dövlət müəssisəsinə hücum edən, hüquq mühafizə orqanlarının işçilərinə zor tətbiq edib təxribatlar törədən vətəndaşla onu dəstəkləyən siyasi iradənin, yəni Əli Kərimli və digər radikalların heç bir fərqi yoxdur. İkisi də təxribatçıdır, hər iki davranış Azərbaycan xalqının maraqlarının əleyhinə atılan addımdır”.

Hikmət Babaoğlu onu da qeyd edib ki, bizim milli birlik və bərabərliyimizi pozmaq ən çox ermənilərin işinə yarayır: “Məsələnin başqa bir tərəfi də var. Düşünmürəm ki, bu cür davranışlar sadəcə Azərbaycandakı Əli Kərimli və onun ətrafında olan bəzi qrupların, yaxud Milli Şura adlı qurumun ayrı-ayrı üzvlərinin öz mövqeləridir. Bu, əsla belə deyil. Belə mövqe sosial şəbəkələrdə xaricdən diktə olunan, ermənilər tərəfindən manipulyasiya edilən mövqenin Azərbaycanın daxili siyasi müstəvisində təkrar edilməsidir. Çünki Azərbaycan xalqının milli birlik və bərabərliyindən ən çox ermənilər çəkinirlər və onlar daim bu amildən qorxublar. Milli birlik və bərabərliyi pozmaq ən çox ermənilərin işinə yarayır. Əgər indi Milli Şura üzvləri və radikal müxalifət nümayəndələri, xüsusən də Əli Kərimli bu cür bəyanat verməklə milli birliyimizi pozmağa çalışırsa, onların atdıqları addımlar ən çox ermənilərin işinə yarayır. Ona görə də Azərbaycan xalqı qəti şəkildə bu məsələ ilə bağlı öz mövqeyini bildirib və qanunu pozanlar qanun qarşısında cavab verməlidirlər. Cinayət əməlləri törədən, qanunlarımızı heçə sayan təxribatçıları dəstəkləyənlər Azərbaycan ictimaiyyəti qarşısında mənəvi məsuliyyət daşımaqla ictimai qınağa məruz qalmalıdır. Çünki hazırda çox mürəkkəb bir mərhələdə yaşayırıq. Bu gün heç vaxt olmadığı qədər milli birlik və bərabərliyə ehtiyacımız var. Bu aralar Azərbaycan xalqı öz mübarizə əzmini, həmrəyliyini nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etmək istəyini göstərir və bütün dünyaya xalqımızın bu iradəsi, Ali Baş Komandanın qətiyyəti səs salıb”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Radikal   Müxalifət