“Paşinyan bütün mənalarda Soros fonduna bağlıdır” - Politoloq rəyi

   “Paşinyan bütün mənalarda Soros fonduna bağlıdır” -    Politoloq rəyi
  01 Avqust 2020    Oxunub:6188
“Ermənistan yenə məntiqsiz şərtlər irəli sürür. Görünür, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar zamanı Tovuz istiqamətində verdiyi itkilər bu ölkənin rəhbərlərinə dərs olmayıb. Təəssüf, yenə də məntiqsiz fikirlərin təkrarlanmasının şahidi oluruq ki, guya Azərbaycan Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmalıdır, rəsmi Bakı onların öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır və s. İrəli sürülən yeddi şərtin heç biri məntiqə sığmır”.
Bunu Azvision.az -a “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev qəti mövqe sərgiləyərək bu anormal şərtləri irəli sürənlərə qarşı tutarlı cavablar verib: “Prezident haqlı olaraq ortaya sərt və qəti mövqe qoydu, dedi ki, bizim üçün bu şərtlər qəbuledilməzdir, yeddi şərt adi kağız parçasıdır və belə şərtlər yazılan sənədləri yalnız zibil yeşiyinə atırıq. Aşkar şəkildə qeyd etdi ki, qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqların formatını dəyişdirmək istəyir.

Bizim yalnız bir şərtimiz var ki, bu da ərazilərimizi işğal etmiş Ermənistan ordusunun qeyri-şərtsiz bütün zəbt edilmiş torpaqlarımızı tərk etməsidir. Dövlət başçısı qəti şəkildə dedi ki, separatçılar ilə heç bir danışıq aparıla bilməz. Razılaşma, danışıqlar ancaq Ermənistan hakimiyyəti ilə olmalıdır. Əslində, bu cür sərt açıqlama və siyasi mesajlardan sonra yaxın müddət ərzində Ermənistan hakimiyyəti ilə normal danışıqların aparılacağını gözləmirəm.

Paşinyan bu günlərdə Rusiya televiziya kanallarından birinə verdiyi müsahibəsində daha bir məntiqsiz yanaşma ortaya qoymuşdu. Guya Azərbaycan Prezidenti onunla danışıqlar aparırsa, bu, o deməkdir ki, elə Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıyır. Bu, başdan ayağa absurd fikirdir və məntiqsizliyin pik həddidir. Azərbaycan Prezidenti ona görə məhz Ermənistan rəhbərləri ilə danışıqlarda iştirak edir ki, biz bu ölkənin ordusunun işğalını tanıyırıq. Bizim hansısa sonradan yaranmış separatçı rejimlə danışıqlar aparmaq istəyimiz yoxdur və buna heç vaxt maraq göstərmərik. Onlar “marionetka”dırlar. Bu məsələni dövlət başçısı xüsusi olaraq qeyd etdi. Yəni işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlara hazırda Ermənistan ordusu nəzarət etdiyi üçün biz bu ölkənin hakimiyyəti ilə bir masa ətrafında toplanaraq danışıqlar aparırıq. Paşinyan isə məsələni başqa istiqamətə yönəltmək istədi, ancaq alınmadı”.

Elxan Şahinoğlu məlum müsahibəni xatırladaraq qeyd edib ki, orada diqqət çəkən digər nüans Türkiyə-Azərbaycan müttəfiqliyidir ki, bu da Paşinyanı ciddi narahat edir.

Politoloq deyib ki, Ermənistan rəhbəri müsahibədə ortaya maraqlı bir sual qoymuşdu: “O, belə bir fikir səsləndirdi - “erməni cəmiyyəti mənə sual edir ki, necə olur axı, Türkiyə-Azərbaycan əməkdaşlığı bu qədər inkişaf edir, hərbi əməkdaşlıq yüksək səviyyəyə qalxır, amma Rusiya Ermənistanı kifayət qədər müdafiə etmir?”. Əslində bu bir etiraf idi. O mənada ki, həqiqətən də Türkiyə-Azərbaycan əməkdaşlığı nəinki hərbi sahədə, bütün sferalarda hər keçən gün daha da inkişaf edir. Paşinyan gözəl anlayır ki, Türkiyə artıq 20 il bundan əvvəlki ölkə deyil. Bu ölkə bölgədə əsas oyunçulardan birinə çevrilib. Türkiyə-Azərbaycan münasibətlərinin Rusiya-Ermənistan münasibətlərindən fərqi odur ki, bizim əlaqələrimiz bərabərhüquqludur. Biz iki qardaş dövlət olaraq bir-birimizə strateji müttəfiq kimi baxırıq. Rusiya-Ermənistan münasibətləri isə ağa-nökər münasibətləri səviyyəsindədir. Ağa da təbii ki, istədiyi zaman nökəri cəzalandıra bilər”.

Prezidentin Ermənistan rəhbərliyinin Sorosla sıx əməkdaşlığı ilə bağlı fikirlərinə gəlincə, politoloq bunları bildirib: “Soros məsələsinin gündəmə gəlməsi çox incə məqamdır. Dövlət başçısı haqlı olaraq Soros amilini xüsusi şəkildə qeyd etdi. Niyə görə bu məsələni vurğulamasını da açmaq lazımdır. Paşinyanın Rusiya telekanalına verdiyi məlum müsahibədə jurnalist ona sual verdi ki, “Sizin Soros fondu ilə yaxşı əlaqələriniz var. Bu necə olur? Axı bu, Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir edir”. Paşinyan cavab olaraq demişdi ki, guya Soros fondu onun hakimiyyətə gəlməsindən əvvəl Ermənistanda yerləşərək nümayəndəlik açıb və s. Yəni, sanki demək istədi ki, bu məsələni məndən niyə soruşursunuz? Bunu bizdən əvvəl hakimiyyətdə olanlardan soruşun. Hansılar ki, Rusiya hakimiyyətinə daha yaxın idilər. Əlbəttə, müəyyən məqsədlərə xidmət edən fondlar, o cümlədən, haqqında söz açılan məşhur Soros fondu Ermənistanda Paşinyanın hakimiyyətə gəlişindən də əvvəl fəaliyyət göstərib. Amma məsələ burasındadır ki, məhz Paşinyan hakimiyyətə gələndən sonra bu fondun əsas nümayəndələrinin hamısını yüksək vəzifələrə təyin etdi. Bunun izahı yoxdur axı. Dövlət başçısı İlham Əliyev fikirlərində ona işarə edirdi ki, Paşinyan və onun hökuməti Soros fonduna sıx bağlıdır. Təsadüfi deyil ki, bu günlərdə Soros heç kimə yox, məhz Ermənistana pandemiya ilə əlaqədar 600 min dollarlıq maliyyə ayırdı. Bu yanaşma ondan xəbər verir ki, Paşinyan bütün mənalarda Soros fonduna bağlıdır. Niyə başqa dövlətə yox, məhz inqilabla hakimiyyətə gəlmiş Paşinyanın Ermənistanına belə jest edildi? Çünki Ermənistanda bu fonda və onun törəmə təşkilatlarına hər cür şərait yaradılıb. Elə inqilabın baş verməsində bu fondlar əsas rol oynadı”.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, son 20 ildə baş verən rəngli inqilabların arxasında Sorosun dayandığı hər kəsə bəllidir. Ermənistandakı inqilabı xatırladan politoloq çevrilişin arxasında Sorosun dayanmasını göstərən ən bariz nümunənin sonradan Paşinyanın bu fondun təmsilçilərini irəli çəkməsi olduğunu söyləyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Soros   Paşinyan  





Xəbər lenti