Azərbaycanda yeni nazir müavini təyinatı - DOSYE

Azərbaycanda yeni nazir müavini təyinatı -  DOSYE
  01 Avqust 2020    Oxunub:26610
Kənd Təsərrüfatı nazirinin birinci müavini İlham Quliyev vəzifəsindən azad edilib.
Bu barədə Azvision.az -a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müvafiq sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib.

2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universistetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.

2020-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

İngilis və Rus dillərini bilir. Evlidir, 3 övladı var.

Aytən Zəhra
Azvision.az


Teqlər: KTN  





Xəbər lenti