Paşinyan erməni diasporunu kimdən və niyə “təmizləyir”? - ŞƏRH

  Paşinyan erməni diasporunu kimdən və niyə “təmizləyir”? -    ŞƏRH
  03 Avqust 2020    Oxunub:6396
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Diasporla İş üzrə Komissarlıqla bağlı sərəncam imzalaması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Aralarında rəhbər vəzifəli şəxslərin də olduğu 13 nəfəri işdən atan sərəncam sözügedən qurumda “təmizləmə” aparmağa xidmət edir. Təbii ki, birdən-birə bu qədər məsul vəzifəni icra edən məmurun işdən qovulması təsadüfdən baş vermədi. Erməni diasporunun fəaliyyətində ciddi problemlər olmasaydı, Paşinyan “təmizləmə” əməliyyatına qol qoymazdı...
Çünki ötən ay nəinki Ermənistan ordusu, xaricdə yaşayan ermənilər və diaspor təşkilatları üçün də kabusa çevrilmişdi. İşğalçı ölkənin Azərbaycanla sərhəddə təxribata əl atmasından sonra ordumuz əks-həmlələrlə düşməni geri oturdaraq onları ağır itkilərlə üz-üzə qoydu. Bunun məntiqi davamı Azərbaycan diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız tərəfindən gəldi. Əvvəlki illərdən fərqli olaraq xüsusi fəallıqları ilə seçilən diaspor təşkilatları və daha çox aktiv görünən soydaşlarımız Ermənistanı və erməni lobbisini sözün həqiqi mənasında çətin vəziyyətə saldı. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı ki, bu da Paşinyanı narahat etməyə bilməzdi.

Paşinyanın iyul hadisələrindən sonra diaspor sahəsində “təmizləmə” əməliyyatı aparmasını Azvision.az -a şərh edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan baş nazirinin imzaladığı sərəncamın arxasında onun şəxsi maraqları dayanır:



“Ermənistanın son illərdə beynəlxalq informasiya müstəvisində mövqelərini əsaslı dərəcədə itirməsinin fonunda Azərbaycanın informasiya sahəsində fəallığının artması, obyektiv informasiyanın beynəlxalq ictimaiyyətə çatdırılması və beynəlxalq ictimaiyyət tərəfindən bu informasiyaların qəbul olunması bütövlükdə ona dəlalət edir ki, Azərbaycan diaspor təşkilatları kifayət qədər effektiv işləməyə başlayıblar. İkinci bir tərəfdən isə erməni lobbisi artıq öz resurslarını tükəndirmək üzrədir. Təbii, bunu şərtləndirən bir neçə amili də qeyd etmək olar.

Əvvəla, erməni lobbisinin fəaliyyəti həmişə beynəlxalq ictimaiyyəti çaşdıran uydurma informasiya əsasında qurulub və erməni utopiyası erməni lobbisinin, diaspor təşkilatlarının fəaliyyətinin əsas hərəkətverici qüvvəsi rolunda çıxış edib. Azərbaycan diasporu isə ölkəmizin haqq səsini, ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə daha arqumentləşdirilmiş şəkildə çatdırmağa başlayıb. Bu da təbii ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin effektivliyinə ciddi şəkildə müsbət təsir göstərib”.



Diasporumuzun aktivliyinin beynəlxalq arenada Azərbaycanın maraqlarının, eyni zamanda münaqişə vəziyyətində Azərbaycanın ədalətli mövqeyinin qəbul olunması istiqamətində ciddi nəticələrin əldə olunmasını şərtləndirdiyini deyən Elşad Mirbəşiroğlu Nikolun yeni diaspor siyasətinin absurd olduğunu söyləyib. Çünki bu “təmizləmə” əməliyyatında erməni milli maraqlarından qabaq Paşinyanın və onun ətrafının maraqları dayanır:

“Hazırda Paşinyanın diaspor təşkilatlarına münasibətdə fərqli mövqe sərgiləməsi bir sıra motivlərdən irəli gəlir. Birincisi, hesab edirəm ki, bu qərar Paşinyanın özünün şəxsi marginal maraqları ilə bağlıdır. Çünki istər-istəməz uzun illər Paşinyana qədər eyni klanı təmsil edən siyasi subyektlər hakimiyyətdə idi deyə, müvafiq olaraq müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, erməni lobbisi Paşinyandan əvvəlki rejimlərlə sıx bağlı idi. Bu qüvvələr Ermənistanla yanaşı onların şəxsi maraqlarının lobbiçiliyini həyata keçirirdilər. Paşinyanın hazırda məqsədi ondan ibarətdir ki, Ermənistanın daxilində olduğu kimi xaricdə də yalnız onun özünə loyal olan fəaliyyət və ya bu fəaliyyəti həyata keçirən subyektlər mövcud olsun. Yəni, diaspor təşkilatlarında lobbiçilik fəaliyyətini həyata keçirənlər sırasında təmizləmə işlərinin aparılması Paşinyan üçün zərurət kimi ortaya çıxdı. Bir növ Ermənistan baş naziri həm ölkə daxilində, həm də xaricdə öz avtoritetini, nüfuzunu təmin etməyə çalışır”.



Millət vəkili, həmçinin vurğulayıb ki, Sorosun pulları hesabına inqilabla hakimiyyətə gələn Ermənistan baş nazirinin fəaliyyətinin beynəlxalq arenada təbliği onun ürəyincə deyil. Bu işlər onun istək və arzularından tam fərqli qurulur: “Eyni zamanda Ermənistanın münaqişə vəziyyətindəki mövqeləri də beynəlxalq arenada o qədər səmərəli müdafiə olunmur. Bütün bunlar təbii ki, Paşinyanı müvafiq istiqamətdə yeni baxış sərgiləməyə vadar etdi.

Ümumilikdə isə hesab edirəm ki, hazırda aktiv görünən Azərbaycan diasporunun uğurlu fəaliyyəti Azərbaycan dövlətinin müvafiq istiqamətdə effektiv siyasətinin nəticəsidir. Dövlətimiz diaspor təşkilatları ilə intensiv işləyərək onların fəaliyyətinin koordinasiyasının daha səmərəli sisteminin formalaşdırılmasına nail olub. Bu baxımdan milli maraqlarımız beynəlxalq platformalarda, xarici ölkələrdə daha inamla müdafiə olunub. Ermənistan diaspor təşkilatlarında isə əks-proses müşahidə olunmaqdadır. Yəni hərbi-siyasi sahədə olduğu kimi diasporların fəaliyyəti müstəvisində də Azərbaycan tərəfi öz potensialını əhəmiyyətli dərəcədə gücləndirməkdədir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti