“Ermənistanın nəinki imici, xarici ölkələrdəki mövqeyi də xeyli zəifləyib” - Politoloq

  04 Avqust 2020    Oxunub : 3667
   “Ermənistanın nəinki imici, xarici ölkələrdəki mövqeyi də xeyli zəifləyib” -    Politoloq
Ötən ay Ermənistanın Azərbaycanla sərhəddə təxribata əl ataraq hərbi münaqişənin istiqamətini dəyişməyə cəhd etməsi işğalçı ölkənin məğlubiyyəti ilə nəticələndi. Azərbaycan ordusunun Tovuz istiqamətində baş verən hərbi təxribatlara layiqli cavabından sonra bir sıra proseslər yaşandı. Məlum hadisələr fonunda ermənilərin nəinki regionda, ümumilikdə dünyada sülhə başlıca təhlükə olduğu bir daha özünü göstərdi.
Əgər Aprel döyüşləri zamanı erməni ordusu haqqında uydurulmuş miflər dağıdılmışdısa, İyul döyüşlərində həm “yaxşı silahlanmış” erməni ordusu, həm də “güclü” erməni diasporu nağılları sona çatdı...

Ermənistan son bir ayda hərbi müstəvidə, eləcə də diplomatik, informasiya savaşı və diaspor sahəsində Azərbaycandan geri qaldığını gördü. Bu, belə olmasaydı hikkəli baş nazir Nikol Paşinyan birdən-birə Diasporla İş üzrə Komissarlıqdan 13 vəzifəli şəxsi qovmazdı. Elə siyasi ekspertlər də hazırda Paşinyanın karyerasında çətin və ağır dönəm yaşadığını deyir, Azərbaycana bütün müstəvilərdə uduzan Ermənistanın sözdə "irəli getdiyini" bildirirlər.

Son olayları Azvision.az -a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan diasporları həmişə güclü təşkilatlar kimi xarakterizə edilsə də, iqtisadiyyatları kimi diaspor gücləri də geri getməkdə davam edir:

“Əvvəlki illərdə belə bir fikir formalaşmışdı ki, regionda ən güclü diaspor ermənilərə məxsusdur. Amma bunun əslində belə olmadığını, diaspor siyasətində ermənilərin xeyli axsadıqlarını görürük. Erməni diasporu müstəqil fəaliyyət göstərir. Xaricdə formalaşan həmin təşkilatların Ermənistan dövləti ilə əlaqələri olsa da, onlar həmişə daha çox bu ölkənin hakimiyyətinə təzyiq kimi istifadə ediliblər. Yəni, diasporun rəhbərləri, siyasi dairələri daha güclü olanda onlar Ermənistana daha çox təsir edirlər. Bu mənada demək olmaz ki, erməni diasporu ilə Ermənistan dövləti arasında hazırda yaxşı koordinasiya mövcuddur. Son proseslər də bir daha onu sübut etdi ki, diaspor təşkilatları ilə işğalçı ölkənin rəhbərləri arasında zəif əlaqələr var, münasibətlər isə yaxşı deyil”.

Politoloq vurğulayıb ki, belə həssas dönəmlərdə hər iki tərəf arasında müəyyən ziddiyyətlər də müşahidə edilib: “Ötən ay Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatdan sonra meydana gələn döyüşlər zamanı və eləcə də ondan sonrakı dövrdə ən çox ermənilərin yaşadığı ölkələrdən olan Rusiyadakı erməni diasporu ilə Paşinyan arasında ziddiyyətlərin hansı həddə çatmasının şahidi olduq. Bu ziddiyyətlər deyərdim ki, münaqişə səviyyəsinə belə qalxıb. Yəni, hazırda Ermənistanın xarici siyasətində erməni diasporu güclü rol oynamır. Hətta deyərdim ki, bu əksinədir.

Müşahidələrimiz onu deməyə əsas verir ki, indiki halda diaspor təşkilatları bu ölkənin xarici siyasətinə mənfi təsir göstərir. Son hadisələr də göstərdi ki, Ermənistanın nəinki imici, xarici ölkələrdəki mövqeyi də xeyli zəifləyib. Bütün bunlar ermənilərin başqa ölkələrdə yaşayan təşkilat və nümayəndələri, xüsusən də diaspor qurumlarının sərgilədiyi mövqe və atdıqları addımlara görədir”.

İlqar Vəlizadə xarici ölkələrdə törədilən təxribatları xatırladaraq deyib ki, erməni diasporu bir çox halda kriminallaşan quruma çevrilir: “Misal üçün, ABŞ-da və digər ölkələrdə olan diasporda kriminal qruplar daha çox dominantlıq edirlər. Hətta son bir ayda dəfələrlə şahidi olduq ki, azərbaycanlılara qarşı müxtəlif xoşagəlməz hadisələr, təxribatlar yaşandı və bunun arxasından ermənilərin kriminal qrupları çıxdı. Yeri gəlmişkən, hazırda bu olaylarla bağlı həmin ölkələrin hüquq-mühafizə orqanları məşğul olurlar. Bu müstəvidə, diaspor işinin təşkilində uğursuz fəaliyyət və yanaşmada əlbəttə ki, Ermənistan Azərbaycana uduzmaqdadır. Yəni, indiki halda bu bir reallıqdır ki, hazırda kriminallaşan Ermənistan diasporu düzgün istiqamət seçən Azərbaycan diasporundan zəif görünür. Bizim diaspor təşkilatlarımız ermənilərə nisbətən daha mütəşəkkil qaydada fəaliyyət göstərir və bu fəaliyyətlərdə Azərbaycan dövləti ilə koordinasiya var. Bizə qardaş ölkə sayılan Türkiyə diaspor təşkilatları ilə düzgün koordinasiyanın olması amilini də unutmamalıyıq. Ona görə də, ola bilər ki, biz bəzi hallarda say amili baxımından nisbətən zəif görünə bilərik. Amma ortaya effektiv iş qoymağa baxanda, hazırda ermənilərdən daha çox mütəşəkkil qaydada fəaliyyət göstəririk”.

Politoloq onu da qeyd edib ki, qarşı tərəf əvvəlki illərdə olduğu kimi yenə iqtisadi, hərbi siyasi məsələlərdə bizdən xeyli geridə qalır: “Bu üstünlüklərimiz göz önündədir. Artıq bütün dünya bilir ki, Ermənistan nəinki hərbi və siyasi cəhətdən, eləcə də bir çox məsələlərdə, iqtisadi cəhətdən də başqa ölkələrdən tam asılı vəziyyətdədir. Bu ölkə uzun illərdir ki, öz sərhədlərini rus hərbçilərinə tapşırıb. Ermənistanın sərhəd təhlükəsizliyini Rusiyanın təmin etməsi bir yana, artıq bir neçə ildir ki, hava hücumundan mühafizə sistemi məsələsi də bu ölkədən asılıdır. Hətta nəinki hərbi məsələlərlə bağlı, eləcə də bir çox hallarda siyasi qərarları da özbaşına, müstəqil şəkildə vermirlər, tam asılı vəziyyətə düşüblər. Siyasi qərarların verilməsində KTMT də ciddi rol oynayır. Azərbaycanda isə belə amillər yoxdur. Rəsmi Bakı ilk gündən müstəqil siyasət yürüdən ölkə kimi formalaşıb və bu gün də Azərbaycan kimlə istəsə hərbi sazişlər bağlaya bilər, siyasi qərarlar verə bilər. İqtisadi vəziyyət də göz önündədir. Biz təkcə qoşulduğumuz regional layihələrdən Ermənistanın ümumi gəlirlərindən çox qazanc əldə edirik.

Ancaq təəssüflər olsun ki, həmişə bu ölkənin güclü havadarları olub və onlar indi də mövcuddurlar. Bu havadarlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişin qarşısını alırlar, hələ işğalçı ölkəyə müəyyən mənada öz dəstəklərini göstərirlər. Amma düşünürəm ki, bu müvəqqətidir. Niyə? Çünki bu güclərin də öz maraqları var ki, hazırda bu maraqlar Azərbaycanla münasibətlərin inkişafından keçir. Bu məsələdə də Ermənistanın mövqeləri getdikcə zəifləyir”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Diaspor