İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artıb

 İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artıb
  04 Avqust 2020    Oxunub:2826
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna edilən dəyişiklik barədə məlumat verib.

Onun sözlərinə görə, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.

Bildirilib ki, işsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur.

Diqqətə çatdırılıb ki, işsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaqdır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ƏƏSMN   Nazir-müavini   Anar-Əliyev  





Xəbər lenti