“İyul hadisələrində özbək xalqı Azərbaycana dəstək oldu”

   “İyul hadisələrində özbək xalqı Azərbaycana dəstək oldu”
  06 Avqust 2020    Oxunub:3625
“İyul hadisələri zamanı ermənilərin həm Azərbaycanla sərhəddə, həm də xarici ölkələrdə törətdikləri təxribatlar onların öz əleyhinə işlədi. Ermənistanın, erməni lobbi və diaspor təşkilatlarının daha çox kriminallaşması, nüfuzunun aşağı düşməsi və bizim diaspor təşkilatlarının aktiv fəaliyyəti iyul döyüşlərindən sonra yadda qalan məqamlardan oldu”.
Bunu Azvision.az -a açıqlamasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov bildirib.

O deyib ki, əvvəlki illərdən fərqli olaraq artıq dünya erməni yalanlarına uymur. Dağlıq Qarabağ və erməni yalanları ilə bağlı təbliğat işinin effektiv qurulması, xaricdə yaşayan soydaşlarımızın fəallığı, diaspor təşkilatlarının Azərbaycanla koordinasiyalı fəaliyyəti ilə yanaşı diplomatiyamızın da uğurlu gedişləri son proseslərdə Ermənistanı çətin duruma saldı.

Samir Abbasov son illərdə xaricdə daha çox təşkil olunan mədəni tədbirlərdən tutmuş, əcnəbi mediada təbliğat işlərinin sayının artmasına qədər hər incə detalın iyul hadisələrində xeyrimizə işlədiyini bildirib. Çünki, passiv fəaliyyət olsaydı, ayrı-ayrı cəmiyyətlər yenə də erməni yalanlarına uyub bizim yürüşlərə dırnaqarası baxardılar:

“Təbii ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticələri kimi dəyərləndirilməlidir. Ürəkaçan mənzərə idi ki, bu dəfə aparıcı ölkələrdə olan Azərbaycan diaspor təşkilatları daha fəal göründülər. İllər öncə Avropa və ümumilikdə dünyanın fərqli nöqtələrində olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsi, say çoxluğunun nümayişi, effektiv işin ortaya qoyulması hallarını az müşahidə edirdik. Təqdir olunası haldır ki, ötən ay gözlənilməz şəkildə düşmənin təxribatı ilə üzləşməyimizə baxmayaraq, həm dövlətimiz, ordumuz çevik davrandı, lazımi addımlar atılaraq Ermənistana layiqli cavab verildi, həm də xaricdə yaşayan soydaşlarımızdan güclü dəstəklər gəldi. Artıq dövr, zaman dəyişib, Azərbaycan 20-30 il əvvəlki ölkə deyil. Cənab Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində bütün sferalarda Ermənistanı qabaqlaya bilmişik. İşğalçı ölkənin Soros fondunun pulları ilə hakimiyyətə gələn rəhbərləri də gözəl anlayırlar ki, Azərbaycan Prezidentinin qətiyyətli addımları, hücum diplomatiyası son nəticədə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək. Yəni, iqtisadi potensialımızdan tutmuş, xarici siyasət, diplomatiya, beynəlxalq aləmdəki mövqe və regional layihələrdə əsas söz sahibi olmağımıza qədər hər şey müsbət yöndə dəyişib”.

Samir Abbasov onu da vurğulayıb ki, indi xaricdə yaşayan soydaşlarımızı bir araya gətirən təşkilatlarımız daha illər öncə olduğu qədər azsaylı və erməni diasporuna nisbətdə zəif görünmürlər: “Biz sübut etdik ki, koordinasiya şəklində hərəkət etsək, ortaya sivil mübarizə metodlarını effektli şəkildə qoysaq, aqressiv düşmənin təxribatlarını xaricdə də onların öz əməlləri ilə göstərə bilərik. Əlbəttə, sevindirici haldır ki, yalnız Avropa və Amerikada deyil, Asiyada da düşmənə diaspor istiqamətində, informasiya müharibəsində üstünlüyümüzü göstəririk. Özbəkistan Azərbaycana dost və qardaş olan ölkədir. Burada zatən hər kəs gözəl anlayır ki, biz bu münaqişədə haqlı olan tərəfik və Aprel döyüşlərində olduğu kimi iyul hadisələri zamanı da özbək xalqı Azərbaycanın haqq səsinə dəstək oldu. Konkret olaraq burada Ermənistanın son təxribatlarına qarşı olan etirazlara gəldikdə isə, təbii ki, bu işlərin təşkilində bizim də rolumuz oldu. Yəni verdiyimiz istiqamətlər və atdığımız bəzi addımlardan təsirlənərək özbək ictimaiyyəti arasından xeyli ziyalı və siyasət adamı müəyyən çıxışlar və tədbirlər gördülər. Diasporumuz ilk gündən, təxribatlar baş verən kimi bəyanatlarla çıxışlar etdilər. Bu ölkədə yaşayan azərbaycanlılar mərkəzimizə müraciətlər ünvanlayaraq ordumuza, dövlətimizə, Prezidentimizə öz dəstəklərini ifadə edirdilər. Dünyanın ayrı-ayrı ölkələrində diasporumuzun, soydaşlarımızın atdıqları effektiv addımlarla bağlı cərəyan edən prosesləri hər kəs gördü. Hər kəs onu da gördü ki, bütün sferalarda Azərbaycandan geri qalan Ermənistan diaspor fəaliyyəti, xaricdə yaşayan ermənilərlə effektiv əlaqələrin qurulması işində də xeyli axsayır. O da göründü ki, vəhşilik, siyasi barbarlıqlar yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmır, bu millətə haradasa azacıq imkan, şərait yaradılsa, istənilən zor, güc tətbiqinə gedər, iğtişaş və təxribatlara əl atarlar”.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru özbək ictimaiyyətindən də erməni vandallığına və təxribatlarına gələn təpkilərin ürəkaçan olduğunu dilə gətirib: “Doğrudan da xoş görüntülər idi ki, bizim mərkəzə xeyli sayda müraciətlər, yazılar, məktublar ünvanlanırdı. Bundan başqa özbək ziyalıları jurnalistləri və s. aktiv insanlar məqalə və bəyanatlarla çıxışlar etdilər. Hər il Özbəkistanda keçirilən mədəniyyət günləri və mərkəzimiz tərəfindən özbək mətbuatı ilə qurulmuş sıx münasibətlər burada öz nəticəsini verdi. Qeyd edim ki, ənənə halını alan bu mədəniyyət günləri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsinin, tarixi, mədəniyyəti aktiv təbliğ olunurdu.

Yeri gəlmişkən xatırladım ki, 2013-cü ildə mərkəzimiz fəaliyyətə başlayanda Özbəkistan saytlarında apardığımız monitorinqlər nəticəsində məlum olmuşdu ki, ötən illərdə Azərbaycana dair 2-3 məqalə çap olunur. Sonradan keçirdiyimiz müsabiqə və layihələr nəticəsində artıq bu rəqəm ildə 300-ə çatıb. Həqiqətən də böyük rəqəm və nəticədir. Dünən kiçik bir araşdırma apardıq və təkcə iyul ayında ölkəmizlə bağlı yerli mətbuatda 27 məqalə dərc edilib. Özbəkistanda Qarabağa dair mənbələr yox səviyyəsində idi. Bu istiqamətdə də aktiv işlər gördük və Vikipediyada Qarabağa dair özbək dilində yüzlərlə, minlərlə məqalə hazırlayıb yerləşdirildi. Əlbəttə, bütün bunlar xarici siyasətimizin düzgün istiqamətdə olması, özbək xalqı, cəmiyyəti ilə düzgün əlaqələrin qurulması və ümumilikdə iki qardaş dövlət arasında uzun illərə söykənən isti münasibətlərin daha sıx olmasından xəbər verirdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti