Sarkisyanın 4 ildən sonra gördüyü aprel yuxusu - ŞƏRH

Sarkisyanın 4 ildən sonra gördüyü aprel yuxusu -  ŞƏRH
  10 Avqust 2020    Oxunub:3426
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2016-cı ilin Aprel döyüşləri barədə absurd fikirlər səsləndirib. Hətta erməni ictimaiyyəti üçün də gülməli görünən bu fikirlərin içində ən çox diqqət çəkən məqam guya onların Aprel savaşından "qalib" ayrılmaları, Azərbaycanın isə "uğursuz" əməliyyat keçirməsidir.
Anormal şəkildə "qələbə"dən danışan Ermənistanın üçüncü prezidenti olmuş şəxs uzun müddətdən sonra niyə susqunluğunu pozdu? Ümumiyyətlə, həqiqətləri danmaqla, Aprel savaşı haqqında utopik fikirlər səsləndirmək nələrə hesablanıb?

Aprel fiaskosuna müəyyən mənada don geyindirməklə özünü "qəhrəman" kimi təqdim etməyə çalışan qalmaqallı eks-prezidentin gündəmə gəlməsinin səbəblərini Azvision.az-a şərh edən politoloq Nəzakət Məmmədova deyib ki, Sarkisyanın indiki halda məlum döyüşlər zamanı uğursuz gedişlər etməsinə bəraət qazandırmaq istəməsi başadüşüləndir:

“Çünki indiki Ermənistan rəhbərliyi, yəni rəngli inqilabla hakimiyyətə gətirilən Nikol Paşinyan hər zaman Qarabağ klanını Aprel döyüşləri zamanı Azərbaycana məğlub olmaqda ittiham edib. Yəni bu sirr deyil ki, neçə illərdir məlum ittihamlarda erməni ordusunun ağır itkilər verməsi, nəzarətlərində olan strateji ərazilərin, torpaqların geri qaytarılması daim qarşı tərəf üçün ciddi ittiham olub. Bilavasitə işğal prosesində iştirak edən keçmiş rəhbər şəxslər erməni xalqı üçün torpaq qazandırmaları kartından hər zaman yararlanıblar”.



Politoloq qeyd edib ki, Paşinyan iqtidarı keçmiş rəhbərlərin ağır məğlubiyyəti sayılan Aprel itkilərini onların xalqa dedikləri torpaq əldə etmələri fikirlərinə əks-arqument kimi istifadə edir. Qarabağ klanı döyüşlərdə iştirak etmələrini, torpaq qazanmalarını daim erməni xalqına minnət kimi səsləndiriblər ki, bununla da onlar “qəhrəman” obrazı ilə hakimiyyətdə qala bilirdilər:

“Loru dildə desək, nümayişkaranə şəkildə göstərirdilər ki, illərlə hakimiyyətdə qalmaq, sizə rəhbərlik etmək bizim haqqımızdır, çünki biz sizin üçün vuruşmuşuq. Azərbaycanın qısa müddətdə uğurlu hərbi əməliyyatlar keçirərək təxribatlara cavab kimi torpaqların bir hissəsini geri qaytarması isə keçmiş hakimiyyətə qarşı işləyən amil oldu. Yəni illər əvvəl hansısa işğalda iştirak etdiklərini deyənlər üçün Aprel ayı böyük rüsvayçılıq ayı kimi tarixə düşdü. Çünki ordumuz “güclü”, "qalib erməni ordusu" mifini qısa müddətdə və asan şəkildə dağıda bildi. Bu isə artıq Sarkisyan və Koçaryan klanının sonunu gətirdi. Hazırda bu məğlubiyyətin, zəiflədilmiş ordudakı proseslərin, eləcə də qaranlıq qalan bəzi siyasi gedişlərin hesabatının verilməsi üçün müəyyən araşdırmalar, proseslər davam edir. Aprel döyüşləri ilə bağlı hələ də bu ölkədə araşdırmalar aparılır. Bundan sonra ciddi fiqurların məsuliyyətə cəlb olunması gözləniləndir. İndinin özünd belə erməniləri düşündürən sual budur - necə oldu ki, göylərə qaldırdıqları orduları belə zəif duruma düşdü, ovaxtkı rəhbərlik tərəfindən nəinki əks-həmlələr olmadı, heç buna həvəs belə göstərilmədi?”.

Nəzakət Məmmədova onu da vurğulayıb ki, uzunmüddətli susqunluqdan sonra öz rəqiblərini - Paşinyanı təkzib etmək üçün bu cür qələbə iddialarını ortaya qoyan Sarkisyanın məlum döyüşlərdə uduzmadıqlarını iddia etməsi, üstün olmalarını deməsi gözlənilən idi. Çünki keçmiş “qəhrəman” rəhbər Qarabağ kartını hələ də əlində vasitə kimi saxlamağa çalışır :

“Qarabağ kartı olmasaydı, bəs özünümüdafiə vasitəsi kimi nədən istifadə edərdi? Qısası, strateji yüksəklikləri itirmək Sarkisyan hakimiyyətinin qələbəsi deyildi, bunu erməni cəmiyyəti də gözəl anlayır. Onu da anlayırlar ki, bu gedişlər özünümüdafiə üsuludur. Ona qarşı səslənən ittihamları təkzib üçün seçilən metoddur.

Sual olunur ki, niyə indi danışmağa başladı? Sadəcə bir məqamı xatırladım. Sarkisyan, Koçaryan, hətta Petrosyan belə heç zaman rəhbər kimi müstəqil siyasət yürütməyiblər deyə, özləri də müstəqil olmayıblar. Elə indiki Ermənistan rəhbərlərinə də bunu şamil etmək olar. Ermənistanın indiki və keçmiş rəhbərləri daim erməni diasporunun və ayrı-ayrı güc mərkəzlərinin bu ölkədə hakimiyyətə gətirdiyi şəxslər olublar. Çünki heç bir prezidenti erməni xalqı seçməyib. İnqilab nağılları da uydurmadır, son olaraq Soros məsələsinin Paşinyan üçün nə dərəcədə vacib amil olduğunun aşkar şahidi olduq. Paşinyanı Fransa və ya ABŞ-dakı erməni diasporu daha çox dəstəkləyirdi və o, Qərbdəki qüvvələrin hakimiyyətə gətirdiyi adamdır. Sarkisyan və Koçaryan isə Rusiyanın birbaşa dəstəkləyib hakimiyyətdə saxladığı şəxslər olublar. İndi isə iki güc arasında hələ də hakimiyyət mübarizəsinin davam etməsini müşahidə edirik”.

Klanlararası davanın, hakimiyyət mübarizəsinin həm də ayrı-ayrı güc mərkəzlərinin savaşı kimi xarakterizə edən politoloqun fikrincə, hər iki tərəf - Rusiya və Qərb çalışır ki, hakimiyyətdə özünə yaxın adam təmsil olunsun. Sadəcə olaraq Sarkisyana indi komanda gəlib ki, dil açsın, həmin döyüşlərlə bağlı fikirlər səsləndirsin, erməni ictimaiyyətinə müəyyən mesajlar versin: “Ona sus deyəndə susubdur, sadəcə indi “çıx belə fikirlər səsləndir” əmri veriblər deyə, bu formada gündəmə gələ bildi. Çox güman ki, bu komanda Rusiyadan gəldi. Çünki hər kəs bilir ki, o, daim rəsmi Moskvaya bağlı siyasətçi olub. Bir anda peyda olaraq gündəmə gəlməsi isə təsadüfi deyil. Çünki Ermənistanda Rusiyaya qarşı yeni kampaniyalar başlayıb. Məsələn, rus televiziya kanallarının bağlanması buna misal ola bilər. Erməni rəhbərlər gözləyirdilər ki, Rusiya Tovuzdakı təxribatlardan sonra onlara dəstək olacaq, KTMT amilindən də yararlanacaqlar. Amma bu təşkilat nəinki Ermənistanı dəstəkləyən addım atmadı, heç rəsmi Bakının əleyhinə hansısa bəyanatın belə şahidi olmadıq. Əvvəl belə qərara gəldilər ki, toplantı keçirilsin, amma bu da təxirə salındı. Yəni, Rusiya bu proseslərə haqlı olaraq qarışmadı. Ermənistan gördü ki, rəsmi Moskva ermənilərin bu avantürasında, təxribatında iştirakçı və dəstəkçi olmaq istəmir. Ona görə də Paşinyanın göstərişi ilə hazırda Rusiyaya qarşı kampaniya başlayıb. Zənnimcə, şimal qonşumuz öz adamlarının, Sarkisyanın dili ilə demək istəyir ki, biz hələ də bu ölkədə varıq, mənim adamlarım hələ də gözləmə mövqeyindədirlər, Ermənistana olan iddialarımızdan isə əl çəkməmişik!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Aprel-döyüşü   Politoloq  





Xəbər lenti