“Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək - Prezident

  10 Avqust 2020    Oxunub : 2575
  “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək -    Prezident
1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar.

Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident